Bu il Azərbaycanın turizm potensialının Rusiyada tanıdılması üçün müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi, sərgilərdə iştirak, seminar və təqdimatların təşkil edilməsi, Moskvada turizm nümayəndəliyinin açılması, ölkədə Rusiyanın turizm şirkətləri üçün tanıtım tədbirlərinin təşkil edilməsi planlaşdırılır.
Yenicag.az xəbər verir ki, bu barədə müzakirələr bu gün Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə Sankt-Peterburq şəhərinin Turizmin inkişafı üzrə komitəsinin sədri Sergey Korneyev arasında keçirilən görüşdə aparılıb.
Müzakirələr çərçivəsində martın 5-də imzalanan “2024-2026-cı illərdə Azərbaycan ilə Rusiya arasında turizmin inkişafına dair Yol Xəritəsi” sənədi üzrə birgə turizm marşrutlarının yaradılması, investisiya imkanları, təhsil proqramları, məlumat və təcrübə mübadiləsi, turizm şirkətləri arasında əlaqələrin inkişafı və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, 2023-cü ildə Azərbaycanın 3 şəhəri və Sankt-Peterburq daxil olmaqla Rusiyanın 19 şəhəri arasında birbaşa uçuşlar həyata keçirilib. Sankt-Peterburq şəhərindən isə Azərbaycana həftədə 10 dəfə olmaqla 540 uçuş təşkil olunub.
2023-cü ildə Rusiyadan Azərbaycana gələn xarici ziyarətçilərin sayı 2022-cü illə müqayisədə 40 % artaraq 625 min nəfərə çatıb. Cari ilin birinci rübündə Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı 147 438 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 % artım deməkdir./Report