“Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub” – Prezident

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 18-də Davosda CISCO şirkətinin icraçı sədri Con Çambers ilə görüşüb.

CISCO şirkətinin icraçı sədri Con Çambers ölkəmizin xarici şirkətlər üçün etibarlı tərəfdaşa çevrildiyini deyərək Azərbaycan ilə əməkdaşlıq etməyin son dərəcə əlverişli və faydalı olduğunu bildirib.

Prezident İlham Əliyev isə Azərbaycanın inkişafın yeni mərhələsinə qədəm qoyduğunu qeyd edib, əməkdaşlığımızın da bu mərhələyə uyğunlaşdırılmalı olduğunu vurğulayıb.

Söhbət zamanı ictimai xidmətlər, sənaye, kənd təsərrüfatı, turizm, ixracın şaxələndirilməsi sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bundan başqa Azərbaycan prezidenti İlham Əliyev Davosda “Palantir Technologies” şirkətinin baş icraçı direktoru və təsisçisi Aleks Karp və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Al Falih ilə görüşüb.

Yenicag.az