!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-İran HƏRBİ ƏMƏKDAŞLIĞI – Zakir Həsənovun Tehrana səfəri nə vəd edir? - ŞƏRH

!Reklam – Yazi

“Zəngəzur dəhlizinin bizim məhz İranla həmsərhəd rayonumuzdan keçməsi cənub qonşumuzla əlaqələrə yeni məzmun verir”.

Bu fikirləri müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İrana səfərinin mümkün nəticələrini dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Azərbaycanla İranın hərbi sahədə əməkdaşlıq üçün geniş imkanları var və onlardan qarşılıqlı fayda əsasında yararlanmaq lazımdır:

“Əslində, Azərbaycanla İran arasında indiyə qədər hərbi sahədə əməkdaşlığın olmadığını düşünmək doğru olmazdı. Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra iki ölkənin hərbi sferada əməkdaşlığının əsası qoyulub. Hər iki ölkənin səfirliyində hərbi attaşelər fəaliyyət göstərir.

Sadəcə, müəyyən dönəmlərdə bu əməkdaşlıq daha genişmiqyaslı, bəzi dövrlərdə dar çərçivəli olub. Bunu xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Birinci Qarabağ müharibəsində müəyyən hərbi sursatları məhz İrandan alıb. Yəni bu sahədə əməkdaşlıq yeni məsələ deyil.

Digər tərəfdən, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər İranla münasibətlərdə yeni zərurətləri doğurub. Burada ilk növbədə Azərbaycanın uzun müddət erməni işğalında qalan İranla 120 kilometrlik sərhəd xəttinin azad olunması nəzərə alınmalıdır.

Eyni zamanda, Azərbaycanın müharibədən sonra irəli sürdüyü 3+3 formatında İranın iştirakının nəzərdə tutulması, bu ölkənin həmin təşəbbüsə müsbət yanaşması və Zəngəzur dəhlizinin bizim məhz İranla həmsərhəd rayonumuzdan keçməsi cənub qonşumuzla əlaqələrə yeni məzmun verir.

O baxımdan, hesab edirəm ki, Azərbaycanın müdafiə nazirinin İrana səfəri və orada apardığı müzakirələr ikitərəfli əməkdaşlığın inkişafına yol açacaq. Azərbaycanla İranın hərbi sahədə əməkdaşlıq üçün geniş imkanları var və onlardan qarşılıqlı fayda əsasında yararlanmaq lazımdır. İnanıram ki, belə də olacaq”.

A.Zeynalov

www.yenicag.az

439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv