Azərbaycan İranın qarşısında hansı TƏLƏBLƏR qoyub? – “Bu yöndə razılıq əldə edilib”

“Qonşuluqda İran kimi dövlətlə gərgin münasibətlərin saxlanılması Azərbaycanın marağında deyil”.

Bu sözləri Yenicag.az-a açıqlamasında İranda Azərbaycan səfirliyinin bərpa edilməsi ilə bağlı qərarı şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

İlham İsmayıl bildirib ki, İranla normal münasibətlər Azərbaycanın xeyrinədir.

“Səfirliyin fəaliyyətinin yenidən bərpa olunmasına qərar verilibsə, bu, normal haldır və buna getmək lazımdır. İran olduqca məkrli, təhlükəli dövlətdir. Qonşuluqda belə bir dövlətlə gərgin münasibətlərin saxlanılması Azərbaycanın marağında deyil”, – deyə o bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycan tərəfi bir ildən çoxdur dayanmış səfirliyin fəaliyyətini yenidən bərpa etmək istəyirsə, müəyyən tələblər var idi, yəqin ki, o yöndə razılıq əldə olunub:

“Xüsusilə cinayəti törədən şəxsin mühakimə olunması ilə bağlı. Görünür, müsbət mesajlar alınıb ki, Azərbaycan tərəfi bu qərarı verib.

İranla mehriban, dost münasibəti heç vaxt olası deyil. Normal münasibətləri saxlamaq Azərbaycanın maraqlarına uyğundur.

Ən gərgin münasibəti olan ABŞ belə, yeri gələndə İranla, İran ABŞ-la müəyyən danışıqlara, güzəştlərə gedirlər. Hesab edirəm ki, İranla diplomatik münasibətlərin bərpa olunması normal haldır”.

Səxavət Məmməd

COP29