Azərbaycan quş qripinə görə İraqa qoyduğu məhdudiyyəti aradan qaldırıb.
Bu barədə Yenicag.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, İraq Respublikasının Səlahəddin və Bəsrə əyalətlərində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, İraq Respublikasının qeyd olunan əyalətlərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, yüksək patogen quş qripi xəstəliyinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və bu xəstəliyə görə həmin ərazilərdə epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması məqsədilə İraq Respublikasının adları sadalanan əyalətlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.