Azərbaycan jurnalistikası ilə bağlı önəmli kitab işıq üzü gördü – FOTO – Yenicag.Az

Reklam

Reklam

Filologiya üzrə fəlsəfə doktoru, jurnalist Elnur Niftəliyevin “Azərbaycanda siyasi jurnalistikanın təşəkkülü və inkişafı (1900-1920-ci illər)” adlı monoqrafiyasının təqdimat mərasimi olub.

Yenicag.az bildirir ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində gerçəkləşən mərasimdə millət vəkili, pedaqoqlar, tələbələr, KİV nümayəndələri iştirak ediblər.

Fakültənin dekanı Vüqar Zifəroğlu bildirib ki, müəllif nəşrdə mövzu haqqında ətraflı məlumat verib, siyasi proseslərin mətbuata və mətbuatın ona təsirindən bəhs edib. Eyni zamanda XX əsrin əvvəllərində Azərbaycanda yaranan siyasi partiyaların, təşkilatların bu sahədəki rolunu geniş şəkildə tədqiq və təhlil edib.

Nəşr Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə töhfə kimi dəyərləndirilib, mərasimin də bu ərəfədə keçirilməsinin təsadüfi olmadığı vurğulanıb.

Müəllif Elnur Niftəliyev kitabının Cümhuriyyətimizin 100 illik yubiley tədbirləri çərçivəsində təqdim olunmasından qürur duyduğunu bildirib. Millət vəkili, siyasi şərhçi Elman Nəsirov kitabı Azərbaycan mətbuatında bir ilk kimi qiymətləndirib. Çünki bugünə qədərki müəlliflərdən fərqli olaraq, Elnur Niftəliyev jurnalistikanın siyasətdən, siyasətin isə jurnalistikadan ayrı olmadığını ətraflı şəkildə tədqiq və təhlil edib.

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli vurğulayıb ki, Azərbaycan siyasi jurnalistikasının təşəkkülü, inkişaf mərhələləri, mətbuat həyatındakı, ümumiyyətlə, ictimai-siyasi mühitdəki yeri və rolunun müasir tələblər baxımından araşdırılması bu gün daha aktual və əhəmiyyətlidir.

Professor Cahangir Məmmədli BDU məzunu olan jurmalist Elnur Niftəliyevin uzun illər təcrübi jurnalistika ilə yanaşı, elmi araşdırmalar da aparmasını mühüm məqam kimi diqqətə çatdırıb. Siyasi jurnalistikanın keçdiyi yol, təcrübə və ənənələri öyrənməyin vacibliyindən və bu kitabın jurnlistikamıza, elmə gətirdiyi yenilikdən danışıb.

Kitaba ön sözü isə siyasi elmlər üzrə fəlsəfə doktoru, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə yazıb. O da müəllifin işini yüksək dəyərləndirib. Əmin olduğunu bildirib ki, əsər oxucuların diqqətini çəkəcək, siyasi-nəzəri və təcrübi baxımdan əhəmiyyətli olacaq. Sonda tələbələrin sualları cavablandırılıb.

“Azərbaycanda siyasi jurnalistikanın təşəkkülü və inkişafı (1900-1920-ci illər)” adlı kitab mətbuatla maraqlanan tarixçi, filoloq, jurnalist müəllim və tələbələr üçün faydalıdır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3880
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."