Azərbaycan “GCS (Global Clearance Solutions) – 200” markalı, dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot alıb.
Yenicag.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən alınan texnika işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunacaq.
Qeyd edək ki, FHN-in qüvvə və vasitələri digər aidiyyəti dövlət orqanları ilə birlikdə ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə fəal şəkildə cəlb edilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları tərəfindən 2021-ci ilin yanvar ayından etibarən Ağdam və Füzuli rayonlarında minatəmizləmə əməliyyatları aparılır.
Minaaxtarma işlərinin keyfiyyətinin yüksəldilməsi və sürətləndirilməsi məqsədilə qısa müddət ərzində dislokasiya məntəqəsi Bərdə şəhərində olmaqla Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsi yaradılıb. Hazırda hərbi hissənin ən müasir texnika və avandanlıqlarla komplektləşdirilməsi işləri sürətlə davam etdirilir.
Xatırladaq ki, dekabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.