Milli Gimnastika Arenasında 31 ölkədən 126 gimnastın iştirakı ilə keçirilən Dünya kubokunun ikinci günü Azərbaycanın qrup hərəkətləri üzrə komandasının gümüş medalı ilə yadda qalıb.
Yenicag.az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət komandamız çoxnövçülük üzrə 63.650 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, dünən 5 halqa ilə çıxışlarına görə 33.050 xalla ikinci olan gimnastlarımız bu gün 3 lent və 2 topla da eyni nəticəni təkrarlayaraq, gümüş medal qazanmaqla yanaşı, sabah ayr-ayrı alətlər üzrə keçiriləcək final mərhələsinə də adlamağı bacarıblar.
Bu gün həmçinin fərdi proqramda çoxnövçülük üzrə qaliblər müəyyənləşib. Fərdi proqramda ölkəmizi təmsil edən gənclər arasında dünya çempionatının gümüş və bürünc mükafatçısı, Avropa çempionatının bürünc mükafatçısı Arzu Cəlilova və 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova müvafiq olaraq, 6-cı və 7-ci pilləni bölüşüblər.
Qeyd edək ki, hər iki gimnastımız sabah ayrı-ayrı alətlər üzrə final yarışlarında mübarizə aparacaq. Arzu Cəlilova halqa, top və lent, Zöhrə Ağamirova isə halqa və gürzlərlə proqramını təqdim edəcək.
Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” Kuboku təqdim olunacaq.
Dünya kubokuna sabah yekun vurulacaq.