“Azərbaycan koronavirusla mübarizədə MDB ölkələrinin çoxundan irəlidədir” – Partiya sədri

“Prezidentin çıxışı həm də Azərbaycanda pandemiya əleyhinə mübarizədə əldə edilmiş təcrübənin paylaşılması baxımından, əhəmiyyətlidir”.

Azərbaycan koronavirusla mübarizənin ilk dövrlərindən başlayaraq, bu istiqamətdə zəruri və ardıcıl addımlar atmaqdadır. Görülən tədbirlər çərçivəsində ölkədə yaradılmış xüsusi laboratoriyaların sayı 8 dəfə artırılıb, 10-dan artıq yeni müasir xəstəxana yaradılıb, həkim çatışmazlığı ilə bağlı məsələ həll olunaraq, Azərbaycana 5 ölkədən həkim qrupları dəvət edilib.

Bundan başqa, həmçinin pandemiya dövründə zərər çəkmiş vətəndaşlara dövlət dəstəyinin göstərilməsi üçün büdcədən 2,5 milyard manat ayrılıb və 5 milyondan artıq vətəndaş bundan yararlanır. Hazırda isə Azərbaycan dünyada başlanan vaksinasiya prosesinə qoşulur və aparıcı vaksin istehsalçıları ilə müvafiq danışıqlar aparılıb. Vaksinasiyanın gələn ilin əvvəlində başlanması planlaşdırılır.

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında növbəti sammitində çıxışı zamanı Azərbaycanda koronavirus əleyhinə həyata keçirilən genişmiqyaslı tədbirlar haqqında ətraflı danışıb.

Prezidentin MDB sammitindəki çıxışında ölkədə COVID-19-la mübarizə çərçivəsində toxunduğu vacib məqamları Yenicag.az-a şərh edən Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu bildirib ki, pandemiya ilə mübarizədə dövlət tərəfindən atılan addımlar müsbət dəyərləndirilməlidir:

“Pandemiyanın yayıldığı ilk günlərdən etibarən, ölkədə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Qərargahın fəaliyyəti qonşu və dünyanın bir çox ölkələrinin Operativ Qərargahlarının fəaliyyəti ilə müqayisədə daha yüksək səviyyədə təşkil olunub.

Xüsusi qeyd edilməlidir ki, pandemiya dövründə vətəndaşlarımızın sağlamlığının təhlükəsizliyi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində təqdirəlayiq addımlar atılıb. Xüsusilə, modul tipli xəstəxanaların inşasını və onlarda çalışan tibbi personalın yüksək əməkhaqqı ilə təmin edildiyi vurğulaya bilərik.

Bütün bu addımlar pandemiya ilə mübarizədə müsbət hal kimi dəyərləndirilməlidir. Bildiyiniz kimi, artıq vaksinasiya prosesinə də start verilir və düşünürəm ki, vətəndaşlarımız bu prosesdə aktiv iştirak edəcəklər.

Son vaxtlar ölkədə virusa yoluxanların sayının artmasına isə əsasən, 44 günlük Vətən Müharibəsinin gedişində şəhidlərimizin dəfni ilə əlaqədar kütləvi toplaşmaların çoxalması əhəmiyyətli təsir göstərib. Hesab edirəm ki, bütün hallarda dövlət pandemiya ilə mübarizədə əlindən gələni edir və etməkdə davam edəcək.

Prezidentin MDB dövlət başçılarının sammitində Azərbaycanda pandemiya əleyhinə həyata keçirilən tədbirlər haqqında ətraflı danışması həm də əldə edilmiş təcrübənin paylaşılması baxımından, əhəmiyyətlidir. Müşahidə və məlumatlar belə deməyə əsas verir ki, MDB ölkələri ilə müqayisədə Azərbaycanda pandemiya əleyhinə həm sırf səhiyyə, həm də sosial müdafiə müstəvisində görülən işlər daha geniş miqyası əhatə edir. Tərəddüdsüz deyə bilərik ki, Azərbaycan koronavirusla mübarizədə MDB ölkələrinin çoxundan irəlidədir. Görülən bu işlər MDB ölkə başçılarının da diqqətinə çatdırılıb”.

Gülşən Şərif