Azərbaycan kulinarları isveçliləri heyran etdi – Leyla Əliyeva sərgiyə qatıldı

İsveçrənin Sant Moris şəhərində Dünya Polo çempionatı keçirilir. Çempionat çərçivəsində dünya xalqlarına həsr olunmuş sərgidə Azərbaycanı milli kulinarlarımız təmsil edir.

Yenicag.az xəbər verir ki, 12 nəfərlik heyətlə sərgiyə qatılan Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanovun komandası artıq 3 gündür ki, isveçlilərə əsl Azərbaycan mətbəxinin dadını bəxş edir. 48 saat yatmayan qənnadçı və aşpazlarımız 3 mindən çox şəkərbura, kanape, pip dolması, birnəfərlik şahplov, fisincan, səbzi, paxlava, lavaş və digər məmulatlar hazırlayaraq, qonaqlara təqdim ediblər. Sərginin ilk günü 7 min nəfər milli mətbəximizin təamlarına heyran qalıb. Dünən kulinarlarımız üçün daha yaddaqalan olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Azərbaycan guşəsinə baş çəkib. Aşpazlarımızın bişirdikləri yeməklərlə maraqlanan Leyla xanım Əliyeva milli musiqi sədaları altında onlarla rəqs də edib.

Yeri gəlmişkən qeyd edək ki, təqdim olunan yeməklər isveçlilərin və turistlərin o qədər xoşuna gəlib ki, Azərbaycan çadırı qarşısında uzun bir növbə yaranıb. Xatırladaq ki, festival hələ bu gün də davam edəcək. Azərbaycan mətbəxini dünyaya tanıdan milli kulinarlarımıza bu gün də uğurlar diləyirik.

Yeniçağ.az