“Araik Arutunyanın, Balasanyanın qulağından tutub məhkəmə qarşısına çıxarmaq lazımdır”.
Bu sözləri Qarabağ ətrafında baş verən hadisələr, Azərbaycan tərəfinin tətbiq etdiyi yumşaq güc və gözlənilən nəticələrə toxunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.
Elşad Musayev bildirib ki, Azərbaycan məcbur olsa, Xankəndində belə antiterror əməliyyatı keçirməlidir:
“10 noyabr bəyanatının şərtləri həm ermənilər, həm də ruslar tərəfindən yerinə yetirilmir. Azərbaycan öz öhdəliklərini yerinə yetirdi. Onlardan da haqlı olaraq tələb edir ki, üzərlərinə düşən öhdəlikləri yerinə yetirsinlər. Siyasət mümkün olanı reallaşdırmaq elmidir. Sülhməramlıları əraziyə məcburən yerləşdirdik. Ruslar 200 ildir ki, bölgəni nəzarətində saxlayır. Hər bir tərəfin öz oyunu var. Ruslar girdikləri yerdən çıxmaq istəmir. Eyni zamanda ruslar ermənilərlə birgə hərəkət edirlər.
Faktiki olaraq sülh müqaviləsinin imzalanması gözlənilmir, Azərbaycan da tədbir görməlidir. Hazırda Azərbaycan yumşaq güc tətbiq edir. Əgər orada hansısa bir hadisə baş versə idi, Azərbaycan ordusu tədbir görərdi.
Azərbaycan Laçın dəhlizini nəzarətə götürənə qədər yumşaq gücü davam etdirməlidir. Bundan əlavə, Azərbaycan məcbur olsa, Xankəndində belə antiterror əməliyyatı keçirməlidir. Araik Arutunyanın, Balasanyanın qulağından tutub məhkəmə qarşısına çıxarmaq lazımdır. Onların hamısı təxribatçıdır, separatçılıqla məşğuldurlar. Kim Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, qalıb yaşayacaq, kim separaçılığa meyillidirsə, ya cəzalandırılmalıdır, ya da gedib vətəndaşı olmaq üçün özlərinə başqa dövlət tapmalıdırlar”.
Səxavət Məmməd