Azərbaycan Legionunun əsgəri: “Düdənginski hər birimizə Azərbaycan bayrağı payladı” – Canlı tarix

Üçrəngli bayrağımız dövlətimizə, xalqımıza olan ülvi sevginin və sədaqətin rəmzidir. Ölkə başçısının 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla hər il xalqımız 9 noyabrı Dövlət Bayrağı günü kimi qeyd edir. Üçrəngli bayrağımız Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunsa da 23 aydan sonra ölkəmizi işğal etmiş bolşeviklər milli bayrağımızı da dəyişdirdilər. Sərt etirazlara və aparılan təbliğatlara baxmayaraq, sovet ideologiyası bayraq sevgisini vətənsevərlərin qəlbindən çıxara bilmədilər. Belə şəxslərdən biri də hazırda ömrünün 99 –cu payızını yaşayan Barat Cahangir oğlu Orucovdur. II Dünya müharibəsi zamanı azərbaycanlılardan ibarət legionun üzvü olmuş Barat kişi indi də o illəri yaxşı xatırlayır.

Yenicag.az-ın bugünkü müsahibi Azərbaycanı canı qədər sevən Barat Orucovdur.

– Mən Füzuli rayonundanam. 1917-20-ci illərdə sovet quruluşu biz tərəflərdə tam bərqərar olmamışdı. Az da olsa milli hökumətimiz barədə məlumatlı idik. Məndən yaşlılar dövlətimizin ay-ulduzlu bayrağı olduğunu da demişdilər. Amma görməmişdim.

– Deyəsən, siz SSRİ-Finlandiya müharibəsinin iştirakçısı olmusuz?

– Bəli. Onda 20 yaşım vardı. Qırmızı Ordunun tərkibində qulluq edirdim. 1939-cu ildə başlayan rus-fin müharibəsində iştirak etdim. Sonra 1940-cı ilin fevralında bizi marşal Jukovun komandanlığı altında Ukraynaya gətirdilər və Polşa sərhədinə doğru hərəkət etməyə başladıq. O vaxt rus ordusunda vəziyyət olduqca ağır idi: nə ərzaq, nə də texnika vardı. Ordu köhnə silahların ümidinə qalmışdı. Əsgərlər samandan düzəldilmiş döşəkdə yatırdılar. 1941-ci il iyunun 22-də Almanlar SSRİ-yə hücum etdi. Artıq polkumuz Polşanın sərhədində idi. Üç ay davam gətirə bildik. Çox keçmədi ki, almanlar bizi mühasirəyə aldılar. Bizim alay demək olar ki, bütünlüklə əsir düşdü. Bir müddət bizi Polşanın Holem şəhərində yerləşən əsir düşərgəsində saxladılar. Vəziyyəti ağır idi. Az bir vaxtda düşərgədə yüzlərlə insan aclıq və soyuqdan öldü. Bizim yaxınlığımızda amerikalı əsirlər də saxlanılırdı. Amma onların ərzaq təminatı yaxşı idi. Çünki Sovet hökumətindən fərqli olaraq, beynəlxalq təşkilatların əl ilə onlara Amerikadan ərzaq gətirilirdi. Stalin bizlərdən imtina etdiyi üçün sovet əsirlərinə yardım göstərilmirdi.

Bu səbəbdən də əsirlikdə olan əsgərlərimizin vəziyyəti olduqca acınacaqlı idi. Belə bir çətin məqamda mühacirətdə yaşayan bir necə şəxs başda mayor Əbdürrəhman Fətəlibəyli-Düdənginski olmaqla Polşaya gəldilər. Düdənginski bizi kluba yığıb, iclas keçirtdi və azərbaycanlılardan ibarət legion yaradıldığını bəyan etdi. Bizləri də legiona daxil olmağı məsləhət görən Əbdürrəhman bəy əsirlərə ürək-dirək verərək bildirdi ki, tezliklə Azərbaycanı rus işğalçılarından azad edəcəyik. Bundan sonra bizə üstündə Azərbaycan Xalq Cümhuriyyətinin milli rəmzləri olan xüsusi hərbi geyim verdilər. O, özü ilə gətirdiyi Azərbaycan bayrağını legion üzvlərinə payladı. Sonra da öz əlləri ilə hamının döşünə Azərbaycanın rəmzi olan nişan taxdı. Mən ilk dəfə milli bayrağımızı onda gördüm və öpərək büküb, döş cibimə qoydum”.

– Düdənginskinin düşərgəyə gəlişindən sonra əsirlikdə olan azərbaycanlılara münasibət dəyişdi?

– Bəli. Bizi əsirlikdən azad etdilər. Mən Azərbaycan Milli-Sosial partiyasının üzvü oldum. Müharibənin sonuna kimi Berlində yaşadım. Mənim bir arzum vardı: Azərbaycanı rus işğalçılarından azad etmək. Legionun Berlindəki qərargahında bayrağımıza böyük hörmət vardı. Binaya daxil olanda hər birimiz onun qarşısında baş əyirdik. Bizlərə toxunulmazlıq haqqında sənəd verilmişdi. Bir sözlə, üzərində Azərbaycan bayrağı olan mundirlə 4 il Almaniyanı başdan-ayağa gəzdim. Hamı bizə hörmətlə yanaşırdı. Acığını deyim ki, həmişə ay-ulduzlu bayrağımızla qürur duymuşam. Və əminəm ki, məhz cibimdə olan o bayraq məni güllələrdən qorudu”.

– Bəs sonra? Sovet dövləti sizə əsirliyi bağışladımı?

– Bağışlamadı. Mən bilirdim ki, Vətənə qayıtmaq risklidir. Eşitmişdik ki, Stalin 1938-1939-cu illərdə SSRİ- Fin müharibəsində əsir düşmüş 40 min əsgəri bir neçə gün ərzində məhv etmişdi. Təbii ki, məni də belə bir aqibət gözləyirdi. Bu səbəbdən də almanlara əsir düşənlərin 98 faizi vətənə dönməkdən imtina edərək, yaşamaq üçün Amerikaya getdi. Bilirdim ki, məni xoş günlər gözləmir, amma torpaq həsrəti hər şeyə qalib gəldi. Hərçənd qalıb orada da yaşaya bilərdim, hətta bu barədə təklif də gəlmişdi, qəbul etmədim.

Nə isə… çox götür-qoydan sonra 1945-ci ilin sonlarında Azərbaycana qayıtdım. Bir neçə ay kənddə yaşamışdım ki, 1946-cı ilin əvvəllərində məni rayon mərkəzinə – “HKVD” – yə çağırdılar. Bir hərbçi kabinetində məni sorğu-suala tutaraq, legionda xidmət edib – etmədiyimi soruşdu. Dedim etmişəm. Bundan sonra 3 nəfərdən ibarət (Troyka) məhkəmə quruldu və mənə 25 il iş verib, Sibirə göndərdilər. Bu münvalla 9 il sürgün həyatı yaşadım. Sürgündə olduğum müddətdə qızıl mədənində işlədim. 1956-ci ildə amnistiyaya düşüb, vətənə qayıtdım.

Evləndim, oğul-uşaq sahibi oldum. Və bu gün onunla qürur duyuram ki, 20-dən çox nəvə-nəticəm Avropanın bir çox ölkəsində yaşayır və onların hər biri Azərbaycanlı olmaları ilə fəxr edir.

Məhəbbət Orucov