Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Azərbaycan “Los Anceles Səyahət və Macəra” turizm sərgisində təmsil olunub

Azərbaycan “Los Anceles Səyahət və Macəra” turizm sərgisində təmsil olunub. Azərbaycan stendinin işinə mane olmaq istəyən erməni lobbisinin təxribatçı və aqressiv hərəkətləri uğursuzluqla nəticələnib.

Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Bildirilir ki, 18-19 fevral tarixlərində keçirilən “Los Anceles Səyahət və Macəra” adlı beynəlxalq turizm sərgisində Azərbaycan geniş təmsil olunub. Qeyd edək ki, təxminən 30 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-da ən böyük turizm sərgisidir. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən qurulmuş Azərbaycan stendində ölkəmizin turizm imkanları barədə müxtəlif bannerlər və AR Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı nəşrlər vasitəsilə geniş məlumat verilib.

Sərgi iştirakçıları ölkəmizin coğrafi mövqeyi, tarixi, dini dözümlülük ənənələri, eyni zamanda zəngin mədəniyyəti barədə hərtərəfli məlumat əldə ediblər. Həmçinin, stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən video-çarxlar nümayiş etdirilib. Bundan başqa, Los Ancelesdə yaşayan Azərbaycan diaspor fəallarının nümayiş etdirdikləri milli geyimlərimiz sərgi ziyarətçilərində xüsusi maraq oyadıb. Sərgi iştirakçılarının Azərbaycan və onun turistik mərkəzləri ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Qeyd olunmalıdır ki, stenddə quraşdırılmış, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən “Qarabağ – Azərbaycanın Zinət Tacı” (Karabakh – Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib. Bannerdə Qarabağın füsunkar təbiət rəsmləri ilə yanaşı, Qarabağ atı, xalçası, mətbəxi, Şuşa Qalası, Gövhərağa Məscidi, Gəncəsər Alban Monastrı kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbini göstərən rəsmlər əks olunub. Həmçinin, Baş Konsulluq tərəfindən yuxarıda sadalananlar da daxil olmaqla Qarabağa dair müvafiq kitabça dərc olunaraq, sərgi iştirakçıları arasında paylanılıb. Kitabçada Qarabağın əzəli Azərbaycan torpağı olması barədə məlumat verilməklə yanaşı, eyni zamanda Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur və işğal olunmuş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır.

Bildirmək lazımdır ki, sərgidə Azərbaycanın geniş iştirakından, xüsusilə Qarabağın tarixi Azərbaycan torpağı kimi təbliğindən narahat olan Kaliforniyanın erməni lobbisinin nümayəndələri, müxtəlif təxribatçı və aqressiv hərəkətlərlə Azərbaycan stendinin işinə mane olmağa cəhd etsələr də, sərginin təhlükəsizlik xidmətinin və Los Anceles polisinin işə qarışması nəticəsində öz məqsədlərinə nail ola bilməmişlər.

Yeniçağ.az

www.yenicag.az

446