!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Macarıstan əlaqələri: "Bu hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır" - ŞƏRH

!Reklam – Yazi

“Macarıstan Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola mühüm əhəmiyyət verir”.

Bu sözləri Prezident İlham Əliyevin Macarıstana rəsmi səfərini şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkə başçısının Macarıstana səfəri iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açır:

“Azərbaycanın Avropa ölkələri ilə bir çox sahələri əhatə edən əlaqələri son illərdə intensivləşən qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlərlə daha da möhkəmlənir və genişlənir. Bu baxımdan Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri hər iki ölkə üçün əhəmiyyətlidir, əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın dərinləşməsinə mühüm təsir göstərəcək. Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan Macarıstanın Cənubi Qafqazda, Xəzər hövzəsi regionunda və Türk dünyasında, Macarıstan isə Avropada ölkəmiz üçün ən önəmli strateji tərəfdaşlardan biridir. Macarıstanla dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq kontekstində inkişaf edən əlaqələrimiz siyasi və iqtisadi sahədə daha genişdir. Məlumdur ki, Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır.

Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olundu. Həmçinin hər iki ölkənin iqtisadi potensialı, imzalan sənədlər bu sahədə əməkdaşlıqda geniş imkanlar açır. Xüsusi olaraq vurğulayım ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan-Macarıstan əlaqələri yüksək səviyyədədir. Tarixi köklərinə bağlı olan Macarıstan 2018-ci ildən Təşkilatda müşahidəçi kimi təmsil olunur və üzv ölkələrlə münasibətlərə böyük önəm verir. Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv kimi təmsil olunması və təşkilata həqiqi üzv olmaq niyyətini bəyan etməsi sözügedən ölkənin həm də Azərbaycanla sıx əməkdaşlığından və bu əməkdaşlığın daha geniş platformalarda davam etdirilməsinin zəruriliyindən qaynaqlanan bir amil kimi də qiymətləndirilə bilər.

Şübhəsiz ki, Macarıstan Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola mühüm əhəmiyyət verir. Rəsmi Budapeşt ilk günlərdən Cənub Qaz Dəhlizi layihəsini dəstəkləməklə yanaşı, bu layihəyə qoşulmaqda maraqlı olduğunu da ifadə edib. Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 2023-cü ilin fevralında Bakıda keçiriləcək illik iclasında Macarıstanın xarici işlər və ticarət nazirinin iştirakının da nəzərdə tutulması, şübhəsiz Macarıstanın Cənub Qaz Dəhlizi layihəsinə olan münasibətini və təbii ki, Azərbaycanla enerji sahəsində olan əməkdaşlığı inkişaf etdirməkdə nə dərəcədə maraqlı olduğunu nümayiş etdirir. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Macarıstanın enerji təhlükəsizliyinin təminatında bir sıra problemlər ortaya çıxır. Macarıstan sərhədlərində dənizlə əhatə olunmadığı və bunun nəticəsində limanlara malik olmadığı üçün öz enerji təhlükəsizliyini yalnız borular vasitəsilə təmin edir. Bu borular da Macarıstana Rusiyadan gəlir. Bu baxımdan artıq enerji təhlükəsizliyi bir növ sual altındadır. Bu gün isə məhz Azərbaycanın bütövlükdə region və Macarıstan üçün də enerji təhlükəsizliyinin təminatı baxımından vəd etdiyi faktorlar mövcuddur. Bu təminatda başlıca rolu Cənub Qaz Dəhlizi layihəsi oynayır”.

Dövlət başçısı İlham Əliyevin səfər zamanı Macarıstan Prezidenti Katalin Novak və Baş nazir Viktor Orbanla təkbətək və geniş tərkibdə görüşlərində səslənən fikirlərə, irəli sürülən təşəbbüslərə də toxunan politoloqa görə, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində perspektivlər böyükdür və qarşıda yeni imkanlar açılır:

“Budapeştdə Azərbaycan-Macarıstan arasında strateji tərəfdaşlıq haqqında imzalanmış Bəyannamə, eləcə də təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu, kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu, ticarət sahəsində əməkdaşlıq haqqında Protokol, miqrasiya və kənd təssərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumları iki ölkə arasında münasibətlərinin inkişafında yeni bir mərhələnin başlamasını və mövcud əlaqələrin daha da inkişaf edəcəyini sübut edir.

Prezidentin səfərində xüsusi maraq daşıyan məqamlardan biri də Macarıstanın Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında dedikləridir. “Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, xüsusilə də olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazım olduğunu. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm” deyən Orban bu sözlərlə bir daha Prezident İlham Əliyevin güclü siyasəti, bacarıqlı diplomatiyası sayəsində Azərbaycanın dünya üçün necə önəmli bir ölkəyə çevrildiyini sübut etmiş oldu”.

Gülşən Şərif

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv