Reklam: High Technic
hightechnic

Azərbaycan mədəniyyətinin “mədə niyyətliləri” – 2017-də nələr baş verdi?

Əslində, bu, ənənəvi bir yazı deyil. Sadəcə, 2017-ci ilin mədəni mühitinə nəzər salmaq istədim və vizual baxış gözlərim önündə elə də möhtəşəm mənzərə yaratmadı.

2017-ci il Azərbaycan mədəniyyətində nə ilə yadda qaldı? Ha fikirləşdim, hansısa əlamətdar bir hadisəni xatırlaya bilmədim. Düzdür, ara-sıra türk seriallarından tanıdığımız məşhurların paytaxtımıza gəlişi bu monoton aləmə bir balaca rəng qatdı. Hətta ilin sonuna yaxın o qədər də əhəmiyyət kəsb etməyən, yenə də “yoxa lənət” prinsipindən yanaşdığımız “Altın kələbək” mükafatının Azərbaycana nəsib olması ilə bağlı bir balaca sevinmişdik ki, o sevinc də gözümüzdə qaldı. Mükafatın rəqib “kələbəkləri” Röya ilə Nigar Camal elə qanqaraçılıq saldılar ki, gülüşümüz dodağımızda dondu. Əslində, bu məsələdə kimin haqlı, ya da haqsız olduğunu analiz etmək fikrindən tam uzağam, amma bir onu bilirəm ki, ən azı qardaş ölkə dediyimiz bir məmləkətdə səhnə mədəniyyəti, səhnə davranışı və ən azından həmkar etikası nümayiş etdirməyin özü belə mədəniyyət istəyir. Və bu əskikliyi də arif tamaşaçı o dəqiqə hiss edir; necə ki, mükafat üçün səhnəyə çıxan “kələbəklərin” bir-birinə olan münasibəti onların simasındakı mimikadan, rəftarlarındakı soyuqluqdan o dəqiqə duyuldu. Və bu soyuqluq ekranın o üzündə oturmuş tamaşaçıya iliyinə qədər siyarət etdi, xəcalət hissi yaratdı.

Mən bu xəcalət hissini il ərzində kassaya işləyən, sabun köpüyünə bənzəyən “sitkom” janrında çəkilən filmlərə baxarkən də keçirtdim. Tamaşaçını şit və bayağı səhnələr, qurşaqdanaşağı ifadələrin yer aldığı dialoqlarla cəlb etməyə çalışan rejissorlar görəsən hansı sənətin təbliğinə çalışdılar? Və nəzərə alsaq ki, həmin filmlərə baxmağa gələnlərin əksəriyyətinin yanında azyaşlı uşaqlar da olur, demək, “gələcəyimizə” müasir incəsənətimiz ən “incə” məqamlarla aşılanır. Və mən hər dəfə bir daha əmin oluram: bu gün bizim valideynlərin özlərinin böyüməyə ehtiyacı var. Çünki “Üzeyir” adını eşidən ata o dəqiqə “tanıyıram, müğənnidir”, deyirsə, onun övladına hansı mədəniyyəti aşıladığı gün kimi bəllidir.

2017-ci ilin mədəni mühiti yaddaşımda xalq artistlərinin rol iddiası ilə deyil, təzminat davası ilə qaldı. Azərbaycan teatr sənətinin məbədi sayılan Akademik Milli Dram teatrının “Kleopatra”sı ilə “Dulu Xaqan”ı üz-üzə gəldi. Amma bu dəfə səhnədə yox, məhkəmə salonunda… Dağdan ağır adamlar işə qarışsa da, məsələ hətta Mədəniyyət və Turizm Nazirliyi səviyyəsində müzakirə olunsa da, Məleykə Əsədova Ramiz Məlikə qarşı olan inadından dönmədi. Hikkənin, mənəmliyin, təkəbbürün at oynatdığı bir məbədin səhnəsindən tamaşaçı hansı müsbət enerjini ala, hansı əxlaq dərsini öyrənə bilər ki? Bir-birinə münasibətləri nifrətdən və qəzəbdən yoğrulan aktyorların ifa etdikləri rollar izləyicilərə hansı xoş hissləri aşılayacaq ki? Yerlərinizi boşaldın, cənablar. Çəkişmələrinizi, intriqa və hədə-qorxularınızı kənarda aparın, yorğun dərvişlər. Səhnəyə daşıdığınız pərdəarxası əhval-ruhiyyənizi tamaşaçıya sirayət etdirməyin. Bərk-bərk yapışdığınız rolları gənclərə həvalə edin. İmkan verin, səhnəmiz gəncləşsin…

Səhnədən söz düşmüşkən… Musiqili Komediya Teatrının qarğış və lənət dolu improvizasiyalardan ibarət repertuarını xatırlamamaq qəbahət olardı. Afaq Bəşirqızı monopoliyasına xidmət edən bu teatrın adını dəyişib, “faciə” teatrı qoymaq məncə, daha münasibdir. Çünki bu teatra gələn ağıllı tamaşaçı burada keçirtdiyi dəqiqələrdə hər kəlməbaşı ancaq qarğış eşidir: “ay səni görüm…” Bu da bütün günü məişət problemlərindən əziyyət çəkən insanın mədəni istirahəti… Sonra da deyirlər ki, teatra gələn yoxdur. Bəs əgər göstəriləcək, düşündürəcək, hətta güldürəcək bir əsər yoxdursa, onda necə? Deyəsən, sənət məbədlərinin alış-veriş mərkəzinə çevrilməyinin vaxtı çatıb… Heç olmasa o mərkəzlərə gedənlər fast-foodlara pul xərcləyib, mədələrini doldururlar. Nə edək ki… mədəniyyətin olmadığı yerdə “gödəniyyət” meydan sulayar.

2018 qapıdadır. Hər yeni il yeni ümid, başlanğıc deməkdir. Və mən də bir tamaşaçı kimi ümidliyəm: Xoruz ilində “dimdiyini” itiləyənlər İt ilində hikkəsinə son verib, “evini”, təmsil etdiyi “ocağı”, “məbədi” qoruyar deyə… Çünki bizim hər birimiz bir tamaşaçı olmazdan əvvəl bir vətəndaşıq – Azərbaycan mədəniyyətinin, incəsənətinin uğurları ilə qürurlanan, fəxr edən bir vətəndaş… Yeni ildə yeni nailiyyətlər diləyi ilə…

Zakirə Zakirqızı

www.yenicag.az

2808