“Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin sonuncu toplantısı keçirildi – FOTO/VİDEO
Bu gün Azərbaycan Mətbuat Şurasında “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində sonuncu – beşinci toplantı baş tutub. Layihə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Yenicag.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid layihəyə verdiyi dəstəyə görə QHT Agentliyinə təşəkkürünü bildirib.
O, çıxışında bildirib ki, layihə 7 ay ərzində uğurla davam edib və bu müddət ərzində Azərbaycan mediasının müxtəlif istiqamətləri üzrə tədqiqatlar aparılıb, sorğular keçirilib.
Layihə çərçivəsində Mətbuat Şurasının rəsmi saytında “Azərbaycanın media landşaftı” adlı xüsusi kateqoriya yaradılıb. Bu kateqoriyada “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartları”, “Media subyektləri və jurnalist təşkilatları” kimi bölmələr yer alıb.
Tədbirdə layihə üzrə ekspert Müşfiq Ələsgərli layihə çərçivəsində əldə edilən məlumatları iştirakçılarla bölüşərək, “Azərbaycan jurnalist təşkilatları barədə tədqiqat”ın nəticələrini təqdim edib. M. Ələsgərli vurğulayıb ki, məlumat bazası beynəlxalq standartlara uyğun hazırlanıb və gələcəkdə də istifadəyə yararlı olacaq.
Toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Elşən Ağayev, MŞ İdarə Heyətinin üzvü, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli, “Bizimyol.info” saytının baş redaktoru Bahəddin Həzi, “Missiya.az” və “Missiya TV”nin baş redaktoru Nicat Dağlar, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı, “7news.az” saytının baş redaktoru Səbuhi Abbasov və digərləri icra olunan layihənin əhəmiyyətindən söz açıblar. Onlar bildiriblər ki, Azərbaycanın media məkanına aid bilgilərin, araşdırma materiallarının bir ünvanda toplanması vacibdir.
Çıxışçılar, eyni zamanda, layihənin davamını zəruriləşdirən məqamlardan da söz açıb, Şuranın təşəbbüsünə göstərdiyi dəstəyə görə QHT Agentliyinə təşəkkürlərini ifadə ediblər.
Məsimə Məmmədova