Azərbaycan mediası: mövcud reallıqlar və problemlər – Nə etməliyik? / I hissə

Azərbaycanda baş verən son hadisələr ölkəmizdə media sahəsində də köklü tədbirlərin davam etdirilməsinin zəruriliyini ortaya qoyub.

Media sahəsinə cavabdeh olan şəxslərin vəzifədən kənarlaşdırılması ilə bu sahədəki problemlərin qısa bir zamanda həll olunduğunu düşünmək sadəlövhlük olardı. Çünki bir çox problemlər hələ də mövcuddur və daha da dərinləşir. Bu problemlərin həlli üçün ciddi ideoloji praktiki işlər həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda medianın sifəti baş redaktorlardır, lakin bu şəxslərin bir çoxu problemlərin həllinə və informasiya müharibəsinə hələ də köhnə zehniyyətlə yanaşmaqda davam edirlər. Təkcə forma deyil, həm də məzmun dəyişikliyi olmalıdır. Şübhəsiz, təcrübə göstərir ki, media ideoloji sahə olduğuna və cəmiyyətin güzgüsü rolunda rolu çıxış elədiyinə görə, şəxslərin dəyişilməsi ilə problemləri tam həll etmək mümkün deyil. Azərbaycan mediasında milli ideoloji xəttin əsas prioritet kimi müəyyənləşməsinə ehtiyac var. Nəzər alsaq ki, müharibə şəraitindəyik, o zaman bu məsələnin əhəmiyyətini daha dərindən anlamış olarıq. Media sanki daxildə yazır, pozur, amma ideoloji, milli məsələlərdə, xüsusilə, Ermənistanla informasiya müharibəsində axsayır. Bu, axsama həm çap mediasında, həm də internet mediada ciddi şəkildə müşahidə olunur. Niyə məhz baş redaktorlar?

Qeyd etmək lazımdır ki, uzun illərdir KİVDF-dən maliyyələşən, abunələr hesabına fəaliyyət göstərən qəzetlər təəssüf ki, hələ də öz sifətlərini dəyişə bilməyib. Söhbət təkcə qəzet vərəqlərinin rənginin dəyişməsindən getmir. Bu qəzetlərin köhnə qəlibdən çıxa bilməyən, mini-oliqarxa çevrilən rəhbərləri daha milli və yenilikçi şəxslərlə əvəz olunmalıdırlar. Köhnə yazı üslübu, sosial mediada tribuna qazana bilməməsi, ictimai rəyə təsir imkanlarının günbəgün daha da zəifləməsi, redaksiyaların daha çox qeyri-peşəkarlardan formalaşması çap mediası sahəsində əsas mövcud problemlərin bir neçəsidir. KİVDF-nin dəstəyi Azərbaycan çap mediasını ayaqda tutan əsas amildir. Bu dəstəyə adekvat olaraq, çap mediası bu günə qədər bir çox hallarda öz işini layiqincə yerinə bilməyib, primitiv media ənənənələri üzərində sadəcə daha çox kəmiyyətə üstünlük verilib, şəxsi maraqlar təmin edilib. Görünən budur ki, bu qəzetlərin rəhbərlərinin bundan sonra da dəyişmək, yeni ənənənələr formalaşdırmaq kimi bir niyyətləri yoxdur. Bəlkə də bunu bacarmazlar, yaxud köhnə zehniyyət əsas əngəl kimi prosesi müsbətə doğru dəyişə bilməz.  Hazırda Azərbaycan yeni siyasi münasibətlər sisteminin formalaşmaqdadır, vətəndaş-dövlət əlaqələrinin möhkəmləndirilməsi istiqamətində ciddi addımların atılacağı şübhə doğurmur. Çap mediası bu prosesdən geridə qalmamalıdır, digər sahələr kimi müasir tələblərə cavab verməli, iş prinsiplərini qətiləşdirməli, çevik olmalıdır. Əks halda, təqlidçilik, köhnə və üslübsuz media ənənənələri ümumi işi ləngidən, yeni münasibətlər sisteminə daha çox ziyan vuran faktor kimi ciddi problemə çevrilə bilər. Azərbaycan müharibə şəraitində olan ölkədir, bu günə qədər ermənilərlə təkcə sərhəddə deyil, informasiya cəbhəsində də döyüş olmalıdır. 

Hazırda internet media sanki ayrıca bir istiqamət kimi çıxış edir. Çap mediası ilə internet media arasında hiss oluna bir uyumsuzluq var. Düzdür, internet media ilə müqayisədə çap mediası öz vahidliyini qoruya bilib və dövlətçilik prizması baxımından müəyyənləşmiş strategiyada daha çox sadiqlik nümayiş etdirir. Amma inernet media sahəsində sanki bir pərakəndəlik hökm sürür. Bu sahədəki problemlər daha dərin və sarsıdıcıdır. 2016-cı il aprel döyüşləri zamanı internet mediasındakı ciddi boşluqların şahidi olduq. 2018-ci ildə də bunu ciddi şəkildə hiss elədik. Hazırda koronavirusla bağlı yaranmış vəziyyətlə bağlı internet media özünü nə qədər səliqəli apara bilirsə, bir o qədər də fəaliyyətlərində sistemliliyi qoruya bilmirlər. Sanki bir savaşın müxtəlif tərəfləri rolunda çıxış edirlər. İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində Prezident İlham Əliyevin çıxışı, Paşinyanın replikası və İ.Əliyevin bu replikaya ciddi fakta əsaslanan sərt fikirlərlə cavab verməsi internet mediada günün əsas hadisəsi kimi işıqlandırılmalı idi. Amma olmadı. Halbuki, İ.Əliyevin Paşinyanı diplomatik “nokauta” salması Ermənistan mediasında əsas manşet kimi gündəmə çevrildi.

Sosial media statusunu qazanmış sosial mediada isə, daha diqqətçəkən, təhlükəli və ən yüksək səviyyədə müzakirə çıxarılmalı olan proseslər müşahidə olunur. Əvvəla, çap mediası və internet media kağız və internet üzərindəki fəaliyyətlərini sosial şəbəkələrdə eyni şəkildə qura bilmirlər. Məsələn, xəbər portallarının böyük səhifəsinin olması hər şey demək deyil. Hadisələrə çevik, analitik, arqumentli yanaşma müşahidə olunmur. Sanki bir ideoloji boşluq var və xəbər portalları da sosial mediadakı böyük səhifələr üzərindən bu boşluğu doldura bilmirlər. Ələlxüsus, ölkədə baş verən hər hansı ciddi hadisələr zamanı təşəbbüs ələ alına bilmir, ciddi axsımalar nəzərə çarpır. Sanki inzibati müdaxilə olmasa, sosial şəbəkələrdə öz fəaliyyətlərini tənzimləyə bilmirlər.

Həm çap, həm internet mediası ilə vahid nəzarət mexanizmi yaradılmalıdır. Bu, bir çox səbəblərə görə ölkə üçün həyati əhəmiyyətlidir. Birincisi, Azərbaycan müharibə şəraitindədir və bu amili əsas tutaraq, bir çox səbəblərə görə mediaya vahid nəzarət sistemi yaradılmalıdır. Bu, media azadlığının məhdudlaşdırılması anlamına gəlməməlidir. Bir daha bildirmək istəyirəm ki, 2016-cı il aprel hadisələri göstərdi ki, mediadakı qeyri-peşəkarlıq və pərakəndilik nəticəsində Ermənistan bizə qarşı xeyli təxribat materialları əldə edə bildi. Media birbaşa dövlətin nəzarəti altında olmalıdır, ayrı-ayrı məmurların əlində media qurumun mövcudluğu daha çox şəxsi maraqların təmin olunmasında gətirib çıxarır. Məmurların heç biri ayrı-ayrılıqda dövlət xəttini müəyyənləşdirmir, dövlətin beyin və vahid idarəçilik mərkəzləri var.  Ayrı-ayrı məmurların, müxtəlif qurumlarının mediada barmağının olması son zamanlar təhlükəli məqamlara yol açıb və ölkədə ümumi işin ziyanına olan “küçə jurnalistikası”nı formalaşdırıb. Sabah bu şəxslərin qarşısını almaq mümkün olmayacaq. Əlində telefon olan hər kəs artıq “küçə jurnalistikası”sının bir parçasına, “potensial jurnalistə” çevrilib, istənilən situasiyada istədiyi məlumatı yaya biləcək. Onların fəaliyyətlərində dövlətçilik prinsipləri, hərbi sirlər gözənilməyəcək. Bu isə, informasiya təhlükəsizliyi baxımından və ümumilikdə dövlət üçün ciddi təhdid vasitəsinə çevrilə bilər. Eyni zamanda, müharibə şəraitində olan və mövcud resurslar hesabına Azərbaycanda media üçün reklam bazarı formalaşdırmaq istəyi də özünü doğrultmaya bilər.

Samir Feyruzov