Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycan mediasının vəziyyəti – Beynəlxalq tədbir +Fotolar  

Bu gün “Azərbaycanda jurnalistlərin həmkarlar ittifaqlarının durumu və gələcək inkişaf meyilləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Yenicag.Az xəbər verir ki, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) ilə birgə keçirtdiyi konfrans Avropa İttifaqının (Aİ) dəstəyi sayəsində baş tutub.

Konfransda giriş sözü deyən JuHİ sədri Müşfiq Ələsgərləri konfransın keçirilməsində əsas məqsədin media həmkarlar ittifaqının jurnalistlərin hüquqlarının müdafiəsinə yönələn fəaliyyətlərinin gücləndirilməsi və bu çərçivədə uğurlu beynəlxalq təcrübədən yararlanmaq olduğunu bildirib.

Daha sonra çıxış edən BJF-nin Layihələr Departamentinin rəhbəri Adrian Kollin də bu tədbirin Azərbaycan jurnalistlərinin əmək və digər hüquqlarının qorunması baxımından faydalı olacağına inandığını vurğulayıb.

Konfransın “Azərbaycanda sosial dialoq və əmək standartları: mövcud durum, problemlər, nailiyyətlər və yeni çağırışlar” mövzusuna həsr olunmuş birinci sessiyasına sədrlik edən Mətbuat Şurasının rəhbəri, millət vəkili Əflatun Amaşov vəziyyəti qısa dəyərləndirib.

Onun sözlərinə görə, ötən illərlə müqayisədə istər qanunvericilik, istərsə də digər vacib sahələrdə həyata keçirilən təkmilləşdirmə tədbirləri ölkə mediasının və jurnalistlərinin fəaliyyətində özünü müsbət tərəfdən göstərməkdədir.

Mətbuat Şurasının sədri bu sırada mediada əmək münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi təcrübəsinin geniş tətbiq olunduğunu, qarşıya çıxan çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüldüyünü xüsusi qeyd edib.

Birinci sessiyada çıxış edən Azərbaycan Respublikası Prezidentinin yanında yaradılmış Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Şurasının (KİVDF) İcraçı direktoru Vüqar Səfərli diqqəti jurnalistlərin sosial problemlərinin həllinə yönəldib.

V. Səfərli Azərbaycan mediasında əmək münasibətlərinin mövcud qanunvericilik əsasında rəsmiləşdirilməsi məsələsinin uzun müddət ciddi problem kimi aktuallığını saxladığını bildirib. Onun bildirdiyinə görə, son illərdə görülən tədbirlər nəticəsində mövcud KİV orqanlarının təqribən 90 faizi öz əməkdaşları ilə əmək müqaviləsi imzalayıb.

KİVDF rəhbəri əmək müqaviləsinin tərtibində müəyyən neqativ hallara yol verildiyini də vurğulayıb. O, qeyd edib ki, bu çərçivədə əsas problem jurnalistlərin əməkhaqlarının real məbləğdən aşağı həddə göstərilməsidir. Səfərli əlavə edib ki, bu hal jurnalistlərin gələcəkdə təqaüdə çıxarkən alacaqları məbləğdə özünü mənfi tərəfdən göstərəcək.

Onun sözlərinə əsasən, Prezidentin sərəncamı ilə KİVDF-nin yaradılmasından sonra media orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən jurnalistlərin sosial problemlərinin həlli istiqamətində ciddi addımlar atılıb və atılır.

Növbəti məruzələri təqdim edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hüquqşünası Ruslan Bağırov ölkədə beynəlxalq əmək standartlarının tətbiqi istiqamətində görülən işlərdən danışıb. Tanınmış iqtisadçı Vüqar Bayramov isə öz məruzəsində əmək standartlarının inkişaf etdirilməsinin modern yollarını dəyərləndirib.

Məruzələr ətrafında çıxış edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu media rəhbəri-işəgötürən olaraq, ciddi problemlərlə üzləşdiklərini diqqətə çatdırıb. O, bildirib ki, rəhbəri olduğu nəşrin əməkdaşlarının əmək hüquqlarını ağır şərtlər bahasına da olsa, qoruyur. R. Arifoğlunun fikrincə, ölkədə reklam bazarı canlanmayana qədər media orqanları və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasından danışmaq mümkün olmayacaq.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev dövlətin mediaya maddı yardımının müəyyən nüanslarına toxunub. Onun sözlərinə görə, qəzetlərə ayrılan maliyyə yardımından 25 faiz həcmində vergi tutulması anlaşılmaz vəziyyət yaradır. A. Quliyev də o fikirdədir ki, media orqanlarının, xüsusilə çap mediasının fəaliyyət göstərməsi üçün reklam bazarı formalaşmalıdır.

 

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətin sədrliyi ilə keçən konfransın ikinci sessiyasında müzakirə olunan “Əmək standartları və sosial dialoq: Kollektiv sövdələşmələr” məsələsinə baxılıb.

Bu barədə məruzə edən Avropa Jurnalistlər Federasiyasının (AJF) təmsilçisi Mehmet Köksal Avropada jurnalistlərin həmkarlar hərəkatına münasibətlə bağlı geniş məlumat verib. Köksal qeyd edib ki, AJF-nin Avropanın 43 ölkəsində keçirtdiyi sorğuya qatılan jurnalistlərin mütləq əksəriyyəti peşə fəaliyyəti şərtlərinin ağırlaşdığını bildiriblər. Bu çərçivədə normadan artıq iş üçün ödəniş edilməməsi, istirahət və məzuniyyət hüquqlarının pozulması, təhlükəsizliyin təmin olunmaması kimi problemlər önə çıxarılıb.

Daha sonra çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təmsilçiləri, əmək hüququ üzrə ekspertlər Sevil Zeynalova və Könül Ələkbərova kollektiv müqavilələrin imzalanması qaydaları, o cümlədən bu qaydaların tətbiqi ilə bağlı real durumu dəyərləndiriblər. Məruzələrdən sonra qeyd olunan məsələlər ətrafında çıxışlar dinlənilib.

Konfransın 3-cü sessiyasında isə “Azərbaycanda jurnalist təşkilatları: mövcud durum, birlik və həmrəylik problemləri” məsələsi müzakirə edilib.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

500
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM