Azərbaycan məscidlərində yenilik

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı “Moizələr və xütbələr” adlı kitab nəşr olunub.

Yenicag.az xəbər verir ki, kitab din xadimlərinin dini maarifləndirmə işini aparması, milli-mənəvi dəyərlərin təbliği, İslam dininin mahiyyətini və prinsiplərini düzgün şəkildə çatdırması məqsədi ilə nəşr edilib.

Ön sözünün müəllifi QMİ sədri şeyxülislam Allahşükür Paşazadə olan kitabda Azərbaycanda mövcud olan İslam məzhəbləri arasında heç bir ayrı-seçkiliyə yol vermədən, onların hamısını əhatə edən mövzular yer alıb.

Kitabda “Quran” və hədislərdən, eyni zamanda təfsir kitablarından istifadə olunub, hər həftə üçün bir neçə səhifədən ibarət xütbə verilib. Ayrı-ayrı mövzularda tərtib edilən 54 xütbə-məqalə nümunələri struktur baxımından iki hissəyə ayrılıb. Birinci hissədə əsasən mövzunun dini nöqteyi-nəzərindən açıqlanması, ikinci hissədə isə ictimai əhəmiyyəti vurğulanır. Ümumi olaraq xütbələrin məzmunu İslam dininin etiqadi məsələləri, ehkam və əxlaq mövzuları, tarixi şəxsiyyətlər, müqəddəs bayramlar və günlər barədə məlumatlardan ibarətdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyinin də yer aldığı kitabda ibadətlər, İslam əxlaqının müxtəlif meyarları, halal və haramlar, süfrə və geyim mədəniyyəti, salamlaşmaq, hədiyyə vermək kimi mədəni davranış normaları ilə yanaşı, müstəqilliyin əbədiliyi, milli bayramlar, Vətən sevgisi, şəhidlik məqamı kimi mövzulara da toxunulub.

Qeyd edək ki, kitabın müəllifləri QMİ-nin Fətva və moizə şöbəsinin aparacı mütəxəssisləri İbrahim Quliyev, Ağasəid Yaqubov, Qurban Əliyev və Valeh Nəsirovdur.

COP29