“Demokratik inkişaf yolunu tutan, insan hüquq və azadlıqlarına dəyər verdiyini elan edən dövlətlər üçün ən ümdə şərtlərdən biri də söz və ifadə azadlığının təmin edilməsidir. Söz və ifadə azadlığının mühüm atributlarından biri isə azad, müstəqil media subyektlərinin mövcudluğudur, alternativ informasiya mənbələrinə çıxışın təmin edilməsidir”.
Bunu Yenicag.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, MŞ xarici əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli deyib.
Həmsöhbətimiz bu gün 22 yaşını qeyd edən Mətbuat Şurasının önəmindən söz açıb.
Onun sözlərinə görə, Azərbaycan demokratik dövlət olaraq öz ərazisində söz və ifadə azadlığının inkişafını təmin edir:
“Bu məqsədilə çağdaş dünyada mövcud olan modern mexanizmləri tətbiq edir. Bu kontekstdə mühüm addımlardan biri də media fəaliyyəti üzərində dövlət tənzimləyici mexanizmlərin, inzibati amirlik sisteminin ləğv edilməsi, mediaya özünütənzimləmə statusunun verilməsidir. 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə ölkədə senzuranın tətbiqi aradan qaldırılıb. 2001-ci ildə isə Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib. Onun əvəzində Azərbaycanda medianın özünütənzimləmə mexanizmləri tətbiq edilib. Mətbuat Şurası, Audiovizual Şura və digər strukturlar formalaşdırılıb. Azərbaycan postsovet məkanında medianın özünütənzimləmə statusunu tətbiq etmiş ilk ölkələrdəndir. Mətbuat Şurası isə Azərbaycanda medianın ən uğurlu özünütənzimləmə modelidir”.
M. Ələsgərli diqqətə çatdırıb ki, Azərbaycan Mətbuat Şurası yarandığı gündən-2003-cü ildən başlayaraq, bu günə qədər fasiləsiz fəaliyyət göstərib:
“Bu qurum cəmiyyətlə media arasında münasibətlərin tənzimlənməsini təşkil edib. Media sferasında hər bir hadisəyə münasibət bildirib, ortaya çıxan mübahisələrin peşəkar müstəvidə həllini təmin edib. Mətbuat Şurası həm də ölkəmizi beynəlxalq arenada uğurla təmsil edən qurumlardan biridir. Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AİPCE) və Dünya Mətbuat Şuraları Assosiasiyasının layiqli üzvlərindən biridir”.
Nəsimi Ələsgərli