Azərbaycan milli komandası Almaniya yığması ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

Yeniçağ.Az-ın “Report”-a istinadən verdiyi məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda Almaniya yığması ilə üz-üzə gələcək.

Geridə qalan 4 turdan sonra “C” qrupuna məhz 12 xala malik Bundestim başçılıq edir. Şimali İrlandiya və Azərbaycan hərəyə 7 xalla 2-3-cü yerləri bölüşdürdüyü halda, Çexiya 5 xalla 4-cü, Norveç 3 xalla 5-ci pillədədir.

Cari seçmə mərhələyə “Niyə də yox?!” şüarı ilə başlayan Azərbaycan yığması hər kəsi yaxşı mənada təəccübləndirə bilib. R.Prosineçkinin baş məşqçisi olduğu komanda ilk oyunda San-Marinonu səfərdə, Norveçi isə evə 1:0 hesabı ilə məğlub etməyi bacarıb. Çexiya ilə qonaq meydanında qolsuz heç-heçəyə razılaşan Azərbaycan millisi Belfastda Şimali İrlandiyaya 4 cavabsız qolla uduzaraq, məğlubiyyətsizlik seriyasını davam etdirə bilməyib.

“Odlar yurdu”nu təmsil edən komandadan fərqli olaraq, almanlar nəinki uduzmayıb, heç qapılarında qol da görməyiblər. Cari seçmə mərhələyə San-Marino 8:0 hesablı qələbə ilə başlayan son dünya çempionları bu uğurlu seriyanı Şimali İrandiya (2:0), Çexiya (3:0) və Norveç (3:0) kollektivləri ilə oyunlarda da davam etdiriblər. Bundestim ümumilikdə 16 qol vurmaqla yanaşı, müdafiədə də səhvə yol verməyib.

Bugünkü görüş Azərbaycan və Almaniya milli komandalarının 5-ci dueli olacaq. 2010-cu il dünya və 2012-ci il Avropa çempionatlarının seçmə mərhələləri çərçivəsində baş tutan matçlarda almanlar üstün tərəf olublar. Həmin dönəmdə Berti Foqtsun baş məşqçisi olduğu Azərbaycan yığması rəqibə müvafiq olaraq, səfərdə 0:4 və 1:6, evdə isə 0:2 və 1:3 hesabı ilə uduzub.

2012-ci il Avropa çempionatının seçmə mərhələsində Almaniya yığması ilə səfər oyununda Vaqif Cavadov, Bakıdakı matçda isə Murad Hüseynov fərqləniblər. Lakin sözügedən hücumçular artıq Azərbaycan milli komandasına dəvət almırlar.

Rəqibin baş məşqçisi Yohaim Lövdən fərqli olaraq, R.Prosineçki oyundan əvvəl təşkil edilən mətbuat konfransında start heyətini açıqlayıb. Xorvatiyalı mütəxəssis qapını Portuqaliyanın “Boavişta” klubunda ehtiyatda qalan Kamran Ağayevə həvalə edib. Müdafiənin mərkəzində “Qarabağ”ın üzvləri – kapitan Rəşad Sadıqovla Bədavi Hüseynov yer alacaq. Cinahlar “Qəbələ”nin formasını geyinən Məhəmməd Mirzəbəyovla Ukraynanın “Stal” klubunda çıxış edən Pavel Paşayevə tapşırılıb. Dayaq yarımmüdafiəçilər də Ağdam komandasının futbolçuları olacaq. Baş məşqçi Qara Qarayevlə Rahid Əmirquliyevə bel bağlayıb. Sağ cinahda “Qarabağ”ın digər üzvü Əfran İsmayılov, solda isə “Qəbələ”dən Cavid Hüseynov oynayacaq. Slovakiyanın “Jilina” klubunun şərəfini qoruyan Ramil Şeydayev öndə yer alacağı halda, bir qədər geridə Almaniyanın “Aue” komandasından Dmitri Nazarov iş başında olacaq.

2018-ci il dünya çempionatının seçmə mərhələsi

“C” Qrupu

20:00 Azərbaycan – Almaniya

Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Riccardo Di Fiore, Marko Guida (hakimlər briqadası İtaliyadandır)

Komissar: Adrian İksari (Moldova)

Hakim-inspektor: Aleksey Spirin (Rusiya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Yeniçağ.Az