Azərbaycan millisi Avropa çempionu oldu

84fdddb5da6b1878e316382868a4ce42Sentyabrın 12-də Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF), “Elit Atçılıq və Polo” klubunun və “World Polo”nun birgə təşkilatçılığı ilə Beynəlxalq Polo Federasiyası (BPF) tərəfindən Binə Atçılıq Mərkəzində keçirilən arena polo üzrə birinci Avropa çempionatına yekun vurulub. Yenicag.az APA-ya istinadən xəbər verir ki, polo üzrə Azərbaycan millisi Avropa çempionatının finalında Almaniya yığmasını 6:5 hesabı ilə məğlub edərək birinci yeri tutub.

Çempionatın sonuncu günündə final qarşılaşmasından əvvəl beşinci və üçüncü yer uğrunda oyunlar da keçirilib. Günün ilk qarşılaşmasında meydana çıxan İtaliya komandası İsveçrə seçməsini 7:5 hesabı ilə məğlub edərək Avropa çempionatında beşinci yerə sahib olub. İkinci görüşdə İrlandiya poloçuları İspaniya kollektivindən üstün olaraq turnirdə üçüncülüyə yiyələniblər.

Çempionatın final görüşündə Elçin Camallı, Tərlan Qurbanəliyev və Silvester Qarrosdan ibarət Azərbaycan millisi yarışın birincisi olmaq uğrunda Almaniya yığması ilə qarşılaşıb. Azərbaycan poloçuları rəqibləri üzərində 6:5 hesabı ilə qələbə qazanaraq Avropa çempionu adına sahib olublar. Ümumilikdə Azərbaycan yığması çempionatda keçirdiyi 6 oyunun hamısını qələbə ilə başa vuraraq böyük uğura imza atıb.

Azərbaycan seçməsinin üzvü Silvester Qarros isə yarışın ən məhsuldar oyunçusu seçilib.

Sentyabrın 4-dən 12-dək keçirilən çempionatda Azərbaycan, Almaniya, İrlandiya, İsveçrə, İtaliya və İspaniya yığma komandaları mübarizə aparıb.