Azərbaycan millisi bu gün Qətərlə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Yenicag.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Qətər yığması ilə üz-üzə gələcək.

Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

Azərbaycan yığması bu komanda ilə üçüncü dəfə qarşılaşacaq. 2013-cü ildəki ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 2017-ci ildə isə milli rəqibini məğlub edib – 2:1.

Azərbaycan yığması seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib.

Beynəlxalq yoldaşlıq oyunu

21:00. Qətər – Azərbaycan

Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya)

Macarıstan, Debretsen. “Nadyerdeyi” stadionu

Qeyd edək ki, A qrupunun digər oyunlarında Serbiya Portuqaliyanı, İrlandiya isə Lüksemburqu qəbul edəcək.