“İndiki zamanda milliyə əcnəbi məşqçilər gətirib, onlara milyonlar vermək xəyanətdir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan milli komandasına baş məşqçi seçiminin yubanması haqda danışan idman jurnalisti Natiq Muxtarlı deyib.
Onun sözlərinə görə, AFFA rəhbərliyi millinin sükanı arxasında kimin olmasına deyil, ölkə futbolunun əsas problemlərinə köklənməlidir:
“Dəfələrlə Azərbaycan futbolunun probleminin Azərbaycan milli komandası baş məşqçisinin kim olmasının önəmli olmadığını demişik. Baş məşqçinin kimliyindən asılı olmayaraq, bu millinin heç bir perspektivi yoxdur. AFFA rəhbərliyi millinin sükanı arxasında kimin olmasına deyil, ölkə futbolunun əsas problemlərinə köklənməlidir. Ölkəmizin istər uşaq, istərsə də böyük futbolunda təəssüf ki, infrastruktur çatışmazlığı var. Ölkənin ikinci ən böyük şəhərinin komandası qaçqın həyatı yaşayır. Məsələn, Naxçıvan kimi bölgənin futbol komandası Bakıda məskunlaşıb. O zaman kimə lazımdır belə bölgə komandaları? Bəs onlar niyə paytaxtdadır? Ona görə ki, infrastruktur mövcud deyil. İndi təsəvvür edin ki, uşaq futbolunda durum necədir. Düşünürəm ki, AFFA rəhbərliyi millini yerli məşqçiyə tapşırmalı, açıq şəkildə bu yığmanın heç bir perspektivinin olmadığını bəyan etməlidir. Millilərə ayrılan vəsait kəskin şəkildə azaldılmalı, bu maliyyə infrastrukturun qurulmasına, uşaq futbolunun inkişafına yönəldilməlidir.
İndiki zamanda milliyə əcnəbi məşqçilər gətirib onlara milyonlar vermək xəyanətdir. Azərbaycan futbolunun problemləri artıq bəllidir. Üzərinə gedərək, onları həll etmək üçün strategiya müəyyənləşdirmək lazımdır. Millinin baş məşqçisi məsələsini manipulyasiya edənlər iş görə bilməyənlər və yaxud görmək istəməyənlərdir”.
İsmayıl Bakuvi