Azərbaycan nəyə görə Krım platformasına qatılmadı? – ŞƏRH

“Sammit keçirməklə Krımı Ukraynaya qaytarmaq mümkün deyil”.

Bu sözləri Krım platforması, onun Ukrayanaya praktiki təsiri və Azərbaycanın iştirak etməməsini şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şahinoğlu bildirib ki, Krım siyasətində vaxtilə Ukraynanın da səhvləri olub:

“Ukraynanın bir çox səhvləri oldu. Ukrayna müstəqillik qazanandan sonra imkan yaratsaydı ki, bütün türklər, tatarlar Krıma köçsün, indi hazırkı problem yaşanmazdı. Ukraynada bəziləri düşünürdü ki, Krımda yerli ruslar deyil, tatarlar separatçılığa başlayacaq. Tam əksi oldu. Krım tatarları Ukrayna dövlətinə sadiq qaldı. Hətta rus hərbçiləri Krımı ilhaq etməyə başlayanda parlamentin qarşsına yığışanlar tatarlar oldu.

Biz 90-cı illərdə  Qarabağ və ətraf rayonları itirdik. Ancaq savaşdıq, şəhid verdik.

Krım isə ilhaq olunandan sonra döyüşlər olmadı. Krım Ukraynanındır, bunu bütün dünya eləcə də, Azərbaycan belə tanıyır. Zelenski elə düşünür ki, Krımı gündəmə gətirmək lazımdır.

Bu sammit ilk addım idi.

Sammitlə Krımı geri qaytarmaq paraktiki baxımdan mümkün deyil. Düşünürəm ki, Rusiyada Putin yox, başqası prezident olsa, Navalnıy kimi demokart da hakimiyyətə gəlsə, Rusiya asanlıqla Krımı Ukraynaya qaytarmayacaq. Sammitdə əsas məqsəd o idi ki, diqqət Krıma yönəlsin.

Qərb özü də Donbasdan danışırdı, Krım arxa plana keçmişdi.

Bu daimi bir platforma olacaq.

Təkar edirəm, bir sammitlə Krım geri qaytarılmayacaq. Əslində Ukraynanın gözlədiyi baş tutmadı. Ukrayna prezident, baş nazir səviyyəsində qatılım gözləyirdi. 44 dövlətin təmsilçisi qatılmışdı, prezident, baş nazir səviyyəsində sammitə qatılan ölkə olmadı”.

Azərbaycanın Krım platformasına qatılmamasına gəldikdə isə politoloq bunları deyib:

“Azərbaycan rəsmi səviyyədə Krım platformasında iştirak etmədi. Açıq demək lazımdır ki, bu Rusiya amilinə görə baş vermədi. Azərbaycan prezidenti, Xarici İşlər naziri səviyyəsində qatılmamağı başa düşərdim, ancaq səfir səviyyəsində iştirak etmək olardı. Azərbaycan dövlət olaraq da, cəmiyyət olaraq da, Rusiyanı, onun regionda, Qarabağdakı fəaliyyətini tənqid edirik. Bütün bunlar varkən heç olmasa səfir səviyyəsində qatılmaqlı idik.

Ukrayna müharibə vaxtı iki dəfə Azərbaycanın xeyrinə bəyənat verdi. Vladimir Zelenski seçiləndən sonra Cənubi Qafqazda ilk səfərini Azərbaycana etmişdi.

Buna əsas deyə bilərəm ki, biz elə Rusiyaya görə Krım platformasına qatılmadıq”.