Azərbaycan nümayəndə heyəti Türkiyə mediasının təmsilçiləri ilə GÖRÜŞDÜLƏR – FOTO

Ankarada işgüzar səfərdə olan Azərbaycan nümayəndə heyəti Türkiyənin media nümayəndələri ilə görüş keçirib.

Yenicag.az xəbər verir ki, görüşdə Azərbaycan Milli Məclisinin deputatları Tənzilə RüstəmxanlıSəbinə Salmanova, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər və Türk Düşüncə Mərkəzinin rəhbəri Məlahət Qurbanova iştirak ediblər. Onlar Türkiyə Mətbuat Federasiyasının başqanı Sinan Burhan, TİMBİR Başqanı Dr. Süleyman Basa, eləcə də Rizə Bələdiyyə Başçısı və TİMBİR Ali Məsləhət Şurasının üzvü Rahmi Metin ilə görüşüblər.

Türkiyə Mətbuat Federasiyasının başqanı Sinan Burhan Azərbaycan Türkiyə Evi və “Yeni Çağ” Media Qrupu ilə Azərbaycandakı ortaq layihələri xatırladaraq, bu əməkdaşlığın vacibliyinə diqqət çəkib.

Millət vəkili Tənzilə Rüstəmxanlı Sinan Burhana Azərbaycan həqiqətlərini dünyaya çatdırdığı üçün təşəkkür edib.

Heyət daha sonra TİMBİR-in ofisini ziyarət edib.

TİMBİR Başqanı Dr. Süleyman Basa görüş zamanı təşkilatın fəaliyyəti barədə məlumat verərək, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında medianın roluna diqqət çəkib. O, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə tanıdılmasında Türkiyə mediasının üzərinə mühüm vəzifə düşdüyünü bildirib.

Görüşdə Rizə Bələdiyyə Başçısı Rahmi Metin, Birlik Xəbər Agentliyinin baş direktoru Məhəmməd Kaçar, agentliyin baş redaktoru Orxan Kamal Ərkılıç və TİMBİR Ege Bölgə rəhbəri Sərab Ülkü Özdemir də iştirak ediblər.

Tədbir çərçivəsində Xocalı soyqırımının beynəlxalq arenada daha geniş tanıdılması üçün atılmalı addımlar müzakirə edilib. Bildirilib ki, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik və tarixi qardaşlıq əlaqələri Xocalı faciəsi kimi mühüm məsələlərdə birgə fəaliyyətin vacibliyini ortaya qoyur.

Səfər zamanı iki ölkə arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə daha effektiv şəkildə çatdırılması məsələləri vurğulanıb.

Sonda TİMBİR Başqanı Dr. Süleyman Basa Azərbaycan nümayəndə heyətinə təşəkkür edərək, bu cür görüşlərin tarixi həqiqətlərin yayılması və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm rol oynadığını qeyd edib.

Rafi Müslümov