Azərbaycan öhdəlik götürdü: neft hasilati 20 min barel azaldılacaq

Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən neft hasilatını sutkada OPEC üzvləri 800 min barel, kartelə daxil olmayan ölkələr isə 400 min barel azaldacaqlar.

Yenicag.az xəbər verir ki, dünya neft bazarının nizamlanması prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın azaldılması Sazişinə qoşulub.

“Oktyabr ayında gündəlik neft hasilatı 783 min barel olan Azərbaycan müvafiq hasilatın təxminən 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb. Beləliklə Azərbaycan növbəti ildən gündəlik hasilatı 763 min barel həcmində saxlamalıdır”, – deyə məlumatda bildirilir.

Yeni qərarı şərh edən energetika naziri Pərviz Şahbazov neft bazarının yeni vəziyyətə uyğun tənzimlənməsi və neftin qiymətinin sabitləşməsi üçün OPEC+ ölkələrinin bu qərarını yüksək qiymətləndirib:

“Son vaxtlar siyasi və iqtisadi amillərin təsiri ilə neftin qiyməti ucuzlaşırdı və proses davamlı xarakter alırdı. Bazarda istehsalın istehlakı üstələməsi və dünya iqtisadiyyatında zəifləmə prosesinin gələn il üçün də proqnozlaşdırılması neftin ucuzlşmasını təmin edirdi. Neft bazarına yeganə dəstəyi ancaq OPEC+ ölkələri verə bilərdi. Bugünkü qərar neft istehsalçları, ümumən neft bazarı və neft sənayesinin inkişafı üçün çox mühüm bir addım oldu.”

Qeyd edək ki, OPEC+ ölkələri tərəfindən gündəlik neft hasilatının 6 ay müddətinə azaldılması nəzərdə tutulub./Report/