Azərbaycan ordusunun 2021-ci ili: “Əsas hadisələrdən biri də Quru Qoşunları Qərargahının yaradılması oldu”

“2021-ci il Silahlı Qüvvələr adına nəzərdə tutulan və qarşıya qoyulan tapşırIqların mümkün olan qədəri yerinə yetirildi. Əsas tamamlama işləri 2022-ci ildə olacaq”.

Bu fikirləri ötən bir il ərzində Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti və növbəti ilə olan gözləntiləri şərh edərkən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, yola salacağımız il daha çox Azərbaycan Ordusu üçün təlimlər və yeni ərazilərdə məskunlaşma ilə yadda qalıb:

“Qarabağda və Ermənistanla sərhəddə yerləşmə sıfırdan başladı. Bilirik ki, orada heç bir infrastruktur yox idi. Müharibədən sonrakı dövrdə bilirik ki, bütün birliklər yeni dislokasiya yerinə köçürüldü və müdafiə zolaqları yarandı. Müdafiə zolaqlarında şəxsi heyətin döyüş növbətçiliyinin aparılması üçün infrastruktur qurulmalı idi. Həmin ərazidə Silahlı Qüvvələrin texniki təminatla bağlı işləri həll olunmalı idi. Bunun 70 faizi həll olundu. Bunun tam həll olunması üçün illərə ehtiyac var.

Digər bir məsələ – bölmələrimiz 10-a yaxın təlimlərdə iştirak etdi. Türkiyə və Pakistan və Gürcüstanla birgə təlimlər həyata keçirildi. Hərbi təlimlər bölmələrin döyüş hazırlığı vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün əsas elementlərdən biridir.

Ötən il üçün əsas hadisələrdən biri də Quru Qoşunları Qərargahının yaradılması oldu. Bunların da içində ən mühümü ondan ibarət oldu ki, komando briqadaları yarandı. Əslində, sıfırdan komando briqadasının yaradılması çox ciddi zəhmət tələb edən məsələdir. Azərbaycanda 3 komando briqadası yaradıldı. Önümüzdəki ildə də əlavə bir neçə komando briqadasının yaradılması gözlənilir.

Ötən il Ermənistan silahlıları tərəfindən atəşkəsin pozulması ilə və lokal döyüşlərin olması ilə də müşayət olundu”.

Səxavət Məmməd