Azərbaycan ordusunun atacağı addımlar: Nəzarət buraxılış məntəqələri qurulur? – ŞƏRH

“Azərbaycan ordusu Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqələri qurmağa başlamalıdır”.

Bu sözləri Azərbaycan ordusunun son əməliyyatları və bundan çıxan nəticələri dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Azərbaycan ordusunun atacağı addımları heç kim gözləmirdi:

“Son günlər Azərbaycan ordusu üzərinə düşən vəzifələri yerinə yetirməklə məşğuldur. Azərbaycana qarşı basqıların, İran tərəfdən təhdidlərin olduğu bir dövrdə ordu heç kimə baxmadan, heç nədən çəkinmədən vəzifəsini yerinə yetirir. Ermənilər ara yollardan istifadə edib silah, sursat daşıyırdı. İrandan hərbi təlimçilər, terrorçular Qarabağa gəlirdi. Bunun qarşısını almaq lazım idi. Onlar gözləmirdilər ki, Azərbaycan qarışıq dövrdə risk edər.

Azərbaycan ordusu üzərinə düşəni yerinə yetirir. Son günlər təxminən 5-6 yüksəklik götürüldü. Erməni tərəfi yol çəkməklə bağlı öhdəlik götürmüşdü, bunu yerinə yetirmədi. Azərbaycan yolun o hissəsini də nəzarətə götürdü.

Bundan sonrakı mərhələdə sərhəd keçid məntəqəsinin qoyulmasının vaxtı gəlib çatıb”.

Səxavət Məmməd