Azərbaycan-Özbəkistan mediası üçün BÖYÜK ADDIM: Birgə layihələrin keçirilməsinə dair razılıq əldə olundu

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Özbəkistan Ali Məclisi Senatının üzvü, “İshonch”, “İshonch-Doverie” qəzetlərinin baş redaktoru Husan Ermatov arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan və Özbəkistan arasında kütləvi informasiya vasitələrinin əməkdaşlığının hər iki ölkənin mədəni, tarixi və siyasi əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələr xüsusi vurğulanmışdır.

A.Marifli dövlət başçılarımız arasında qurulan səmimi və strateji əlaqələrin bu sahədə iş birliyinin daha da dərinləşməsinə və yeni təşəbbüslərin həyata keçirilməsinə şərait yaratdığını, həmçinin cənab Prezident İlham Əliyev və Şövkət Mirziyoyevin KİV sahəsində əməkdaşlığın dövlətlərarası münasibətlərin vacib hissəsi kimi qiymətləndirməsini xüsusi vurğulamışdır. Bundan başqa, iki ölkənin jurnalist təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi və informasiya mübadiləsi sahəsində tərəfdaşlığın inkişafı məsələləri, müxtəlif sahələrdə məlumat mübadiləsi, hər iki xalqın tarixi və mədəniyyətini yaxından tanıtmaq üçün xüsusi reportajların hazırlanması, Özbəkistan media platformasında Azərbaycan dilində, Azərbaycan media platformasında isə özbək dilində materialların yayılmasınının vacibliyi, bu kimi digər birgə media layihələrinin təşkili, həmçinin təcrübə paylaşımının həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur.

Görüş iştirakçıları peşə fəaliyyəti haqqında məlumat mübadiləsi aparmış, jurnalistikanın aktual aspektlərini müzakirə etmiş, birgə layihə və təşəbbüslərə maraq göstərmişlər.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzi“İshonch”,“İshonch-Doverie” qəzetləri arasında hər iki ölkədə peşəkar əlaqələrin möhkəmləndirilməsi, jurnalistikanın keyfiyyətinin yüksəldilməsi istiqamətində birgə layihələrin fəal şəkildə həyata keçirilməsinə dair razılıq əldə olunmuşdur.