Reklam: High Technic
hightechnic

Azərbaycan partiyalarından Avropaya sərt etiraz: “Türkiyənin və türk millətinin yanındayıq”

Reklam: Sinerji Pro

Azərbaycanın bir qrup müxalifət partiyası bəzi Avropa ölkələrinin Türkiyəyə qarşı yolverilməz davranışlarını pisləyən bəyanat qəbul edib.

Yeniçağ.Az xəbər verir ki, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev və Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin imzaladığı bəyanatda Avropa ölkələrinin Türkiyəyə qarşı bu hərəkətləri Türkiyə düşmənçiliyi və islamafobiyanın təzahürü kimi qiymətləndirilib:

“Hollandiya rəsmi dairələrinin Türkiyə Respublikasının hökumət üzvlərinə və türk vətəndaşı olan şəxslərə qarşı izahı mümkün olmayan ayrı-seçkilik və zorakılıq hərəkətləri tərəfimizdən qətiyyətlə pislənir. Dünya mediasında bu hadisə ilə bağlı yayımlanan görüntülərdəki nəzakətsizlik və barbarlığa heç bir ictimai təhlükəsizlik zərurəti ilə haqq qazandırıla bilməz və bu barədə deyilənlər açıq-aydın riyakarlıqdan başqa bir şey deyil.

Türkiyənin idarəetmə sahəsində apardığı konstitusiya dəyişiklikləri ilə bağlı keçirəcəyi referenduma münasibəti Türkiyə vətəndaşlarının öz hüququ sayaraq, hansı seçimi edəcəklərini bütünlüklə onların öhdəsinə buraxaraq və bu məsələdə heç bir tərəf tutmayaraq hesab edirik ki, Hollandiya və bir sıra digər Avropa ölkələrində bu kampaniya ətrafında cərəyan edənlər təəssüf ki, son dövrdə həmin coğrafiyada kök atıb genişlənən Türkiyə düşmənçiliyi və islamafobiyanın təzahürü təsiri bağışlayır.

Avropanın demokratik ictimaiyyəti bu məsələlərin fərqində olmalı və ölkələrindəki antidemokratik qüvvələrin qarşısına keçməlidir. Hansı coğrafiyada, hansı ölkədə olursa-olsun anti-Türkiyə hərəkətləri Azərbaycan üçün milli məsələdir; siyasi mövqeyindən və geopolitik simpatiyalarından asılı olmayaraq, hər birimiz bu məsələdə Türkiyə düşmənlərinin qarşısında, Türkiyənin və türk millətinin yanındayıq” .

Yeniçağ.Az

www.yenicag.az

100