Azərbaycan Premyer Liqası bu formada təşkil olunacaq

Bu gündən etibarən ölkədə açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir.

Yenicag.az-ın məlumatına görə, bu qərarla futbol komandaları məşqlərini bərpa edə bilərlər. Futbol üzrə çempionatın bərpa olunub-olunmayacağına isə bu gün AFFA İcraiyyə Komitəsi iclasında qərar veriləcək.

Futbolda məşqlərin, oyunların eləcə də teleyayımın təşkili ilə bağlı sanitar-gigiyena məsələlərinə dair təlimatlar klublara göndərilib.

Təlimatlarda bildirilir:

1. Oyunun nümayəndəsi stadiona və ya zala əvvəlcədən gəlməli və yarışdan öncə ərazinin (komandanın və hakimlərin paltardəyişmə otaqlarının, tibb otağının və dopinq nəzarəti otağının) dezinfeksiya olunmasına nəzarət etməlidirlər.

2. Liqa və klublar məşqlər və oyunlar üçün (işçilər istisna olmaqla) mümkün qədər oyun sahəsinə girişi məhdudlaşdırmalıdırlar.

3. Hər iki komanda eyni vaxtda tuneldə olmamalı, bir-birinin yanında durmamalı, oyundan öncə sıra düzülüşünə çıxmamalı, əl sıxmamalı və aidiyyəti komandalara məxsus vimpelləri bir-biri ilə dəyişməməlidirlər.

4. Oyundan öncə və sonra müsahibələrin (oyun meydanı ətrafə və ya miks zonada) alınması qadağandır. Müsahibələrin oflayn rejimdə aparılması tövsiyə olunur (Müxtəlif İT platformaları və ya proqramları vasitəsi ilə). Bu bənd, həmçinin Azərbaycan Premyer Liqasının teleyayım hüququna malik olan televiziya kanalına şamil olunur.

5. Oyunsonrası mətbuat konfransında mətbuat nümayəndələrinin bir-biri ilə dayanacağı ara məsafəsi minimum 1 metr aralığında olmalıdır. Mətbuat nümayəndələri və konfransda iştirak edən başqa nümayəndələr maskalardan mütləq istifadə etməlidir. Mətbuat konfransında koronavirus simptomları müşahidə olunan (yüksək hərarət, quru öskürək, halsızlıq) nümayəndələrin iştirakı qəti şəkildə qadağandır.