“Düşünürəm ki, bunu Ermənistan dayandırmalıdır. Beynəlxalq güc – sizin qeyd etdiyiniz bu üç ölkə Minsk qrupunun həmsədrləridir. Onlar dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləri. Bu ölkələr Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu ölkələr bu qətnamələrin icrası üçün heç nə etməyiblər. Bu qətnamələr kağız üzərində qalıb”.
Yenicag.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin “Atəşkəs 3 dəfə pozulub. Onlardan biri Fransa, biri Rusiya, biri isə ABŞ-la danışıqlar nəticəsində elan edilmişdi. Bu müharibəni hansı beynəlxalq güc dayandıra bilər?” sualına cavabında deyib.
“Bu, onu göstərir ki, bu vasitəçilik səmərəli olmayıb. Lakin, eyni zamanda, biz daha güclü ola biləcək bəzi başqa ölkələr barədə düşünməyə bilmərik. Ona görə də, müharibəni dayandırmağın yeganə yolu ondan ibarətdir ki, Ermənistan dayansın, öz məğlubiyyətini qəbul etsin, bizim qələbəmizi qəbul etsin və sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürsün. Biz istənilən halda onları azad edəcəyik. Biz əks-hücuma başlayanda onlar inanmırdılar. Biz dedik – biz azad edəcəyik, bunu indi dayandırın. Onlar hətta biz Füzulini geri qaytarandan sonra da dayana bilərdilər. Dayanmadılar”, – dövlət başçısı əlavə edib.