Azərbaycan və Rumıniya arasında sənədlər imzalandı – YENİLƏNDİ

Bu gün Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb.

Yenicag.az xəbər verir ki, sənədi komissiyanın həmsədrləri – əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja imzalayıb.

Həmçinin Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rumıniyanın Milli Sanitar Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin Sədri-Dövlət katibi Aleksandru Nikolae Boçu tərəfindən baytarlıq və qida təhlükəsizliyi sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələrinin olduğu məmnunluqla vurğulanaraq bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndiyi bildirilib.

Azərbaycan Prezidenti ikitərəfli münasibətlərin fəal inkişaf mərhələsində olduğunu qeyd edərək dövlət başçıları, eləcə də digər səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında iqtisadi-ticarət əlaqələri və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının münasibətlərimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından önəminə toxunaraq bu iclasın gündəliyində enerji ilə yanaşı, digər sahələrə aid məsələlərin də olduğunu məmnunluqla qeyd edib.

Dövlətimizin başçısı Azərbaycanda enerji sektorunda, xüsusilə indiki dövrdə yaşıl enerji sahəsində böyük layihələrin reallaşdırıldığını deyərək ötən ay Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının önəmini vurğulayıb.

Sebastiyan İoan Burduja İlham Əliyevə prezident seçkisində qələbə və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Qonaq dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən işlərin, Bakının gözəlliyinin və inkişafının onlarda dərin təəssürat doğurduğunu deyib.

Azərbaycan Prezidenti təbriklərə və xoş sözlərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı energetika sahəsində artıq xeyli irəliləyişin olduğu vurğulanaraq Azərbaycandan təbii qazın və Qara Dəniz vasitəsilə yaşıl enerjinin Rumıniyaya ixracı ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, LNG, yaşıl enerji və qaz təchizatı layihələri üzrə müzakirələr davam edir və Azərbaycan şaxələndirilmiş şəkildə Rumıniyanın energetika bazarına daxil olmağı hədəfləyir.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndiyinə toxunulub, ötən il ticarət dövriyyəsinin daha əvvəlki illə müqayisədə təqribən 30 faiz artaraq 670 milyon ABŞ dollarına çatdığı qeyd olunub, investisiya sahəsində də əməkdaşlığın möhkəmləndiyi bildirilib. SOCAR-ın Rumıniyada çox aktiv fəaliyyətinə toxunularaq onun bu ölkənin yanacaq bazarında kifayət qədər əhəmiyyətli yer tutduğu diqqətə çatdırılıb.

Söhbət zamanı kənd təsərrüfatı, səhiyyə və təhsil sahələrində də əməkdaşlığın genişlənməsi məmnunluqla vurğulanıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

COP29