Azərbaycan Prezidenti Sarkisyanı belə SUSDURDU

ilham aliyev 0304MDB Dövlət Başçıları Şurasının sentyabrın 16-da Bişkekdə keçirilən məhdud tərkibli iclasında Ermənistan prezidenti Serj Sarkisyan bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı Azərbaycandan şikayət xarakterli çıxış edib. O, bu hadisələr zamanı Azərbaycanın guya atəşkəs rejimini pozduğunu deyib.

Ermənistan prezidentindən sonra əlifba sırası ilə Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış etməli idi. Prezident İlham Əliyev Belarus Prezidentindən xahiş etdi ki, ona danışmaq üçün imkan versin. Belarus Prezidentinin razılığından sonra çıxış edən Prezident İlham Əliyev Ermənistan prezidentinə tutarlı və sərt cavab verərək dedi:

– Ermənistan prezidentinin sözlərinə şərh verməyi özümə borc bildim. Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin başqa beynəlxalq strukturlarda həll edilməsini əsas tutaraq, bu gün bu mövzuda danışmağı lazım bilmədim. Amma erməni tərəfinin növbəti şikayətini eşidəndə bunu şərh etməyi özümə borc saydım.

Erməni tərəfi bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirib. Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, – bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib, – sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Eyni zamanda, bu prosesin sonsuz olması üçün vaxtaşırı müxtəlif təxribatlara əl atır və onlardan biri məhz bu ilin aprelində oldu. Azərbaycanın dinc sakinlərinin beş yüzdən çox evi erməni ordusu tərəfindən artilleriya atəşinə məruz qaldı, yüzdən çox ev dağıdıldı, aralarında uşaqlar da olmaqla, təxminən on dinc vətəndaş qətlə yetirildi, həlak oldu.

Beynəlxalq təşkilatlar bu məsələnin necə tənzimlənməli olduğunu çox dəqiq anlayırlar. Ali beynəlxalq struktur var – BMT Təhlükəsizlik Şurası. Bu strukturdan yüksəyi yoxdur. Təhlükəsizlik Şurası 1990-cı illərin əvvəllərində dörd qətnamə qəbul edib. Həmin sənədlərdə erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Bu qətnamələr yerinə yetirilmir. Ermənistan onlara məhəl qoymur və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini süni şəkildə dəyişdirməklə, həmin ərazini qanunsuz məskunlaşdırmaqla yeni reallıqlar yaratmağa çalışır. Bu, tamamilə qanunsuzdur, cinayətdir və bu cinayət indiyə qədər davam edir.

Biz sülh prosesinə sadiqik. Biz konstruktiv işləyirik. Minsk qrupu mövcuddur. Amma erməni tərəfi bu formatdan yalnız danışıqlar prosesinin sonsuz olması üçün istifadə edir. Onlar sülh istəmirlər. Onlar bizim ərazilərimizi daim nəzarət altında saxlamaq və hər yerdə Azərbaycanı bunda ittiham etmək istəyirlər ki, guya biz nəyisə pozuruq. Biz zərər çəkmiş tərəfik. Biz heç kəsin ərazisini işğal etməmişik. Bizim ərazilərimiz, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Reallıqlar bundan ibarətdir. Buna görə mən Ermənistan prezidentinin növbəti yersiz şikayətini nəzərə alaraq, bir daha bunları həmkarlarımızın diqqətinə çatdırmağı özümə borc bildim.

Serj Sarkisyan: Yalana cavab verməyin sadəcə mənası yoxdur.

İlham Əliyev: Mən yalana artıq cavab verdim.

COP29