!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan problemi həll etmək üçün bu riskləri gözə almalıdır - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Qarabağ ətrafında və Ermənistanla Azərbaycan arasında cərəyan edən hadisələr son dərəcə dəyişkən və kövrəkdir.

Azərbaycan tələsir. Tələsməkdə də haqlıdır. Çünki vaxt yoxdur. Problemi çözməlidir. Proses uzandıqca əlavə problemlər, yeni oyunçular, bəzən də Ruben Vardanyanın timsalında oyucaqlar prosesə daxil olur. Niyə oyuncaq? Çünki Moskvadan göstəriş almadan onun Qarabağa gəlməsi mümkünsüzdür. Qısası, Moskva bu günə qədər asanlıqla qazandığı pullar qarşılığında Rubeni sürgünə göndərib.

Prosesi izləyəndə açıq şəkildə iki xətt müşahidə olunur. Birincisi, dövlət sərhədinin müəyyən edilməsi; İkincisi, Qarabağ problemi. Birincidə tərəflər məlumdur – Azərbaycan və Ermənistan. Ancaq ikincidə tərəf kimi Ermənistan faktiki olaraq yoxdur. İkincidə tərəf kimi Azərbaycanın qarşısında Rusiya var. Hətta Ermənistan rəsmi olaraq, bəlkə də, istəmədən, məcburən bəyanat verib ki, Qarabağdakı proseslərə qarışmır. Bunun Azərbaycanın hərbi gücündən qorxduğu üçün olduğunu düşünmürəm. Onlar da yaxşı bilir ki, tərəf Rusiyadır.

Ruben Vardanyan adlı erməni əsilli rusiyalı milayrder Xankəndiyə gələrək prosesi yenidən alovlandırmağa çalışır. Rubenin hər halda yatıb yuxusunu qarışdırıb, erməni damarı qəfil qabarıb, xalqa dəstəyə gəlməyib. Oyuncaqdır və vəzifəsini icra edəcək. Azərbaycan tərəfinin buna cavabı nə olacaq, bunu indidən demək o qədər də asan deyil.

Gəlin bu məsələni bir qədər açaq.

Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs intensiv olaraq pozulur. Əvvəl Kəlbəcər və Laçın daim gündəmdə idisə, artıq Gədəbəy istiqamətində də erməni tərəfi atəşkəsi pozur. Azərbaycan tərəfi təbii olaraq ordunu hazır vəziyyətdə saxlayır. Oxucular, bəlkə də, yazacaqlarımı oxumaqdan beziblər. Ancaq köhnə xasiyyət yeni formada davam edir. Sonuncu Brüssel görüşündən sonra da erməni tərəfi götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Masada erməni tərəfini məğlub etmək imkansız hala gəlib. Səbəb çox sadədir – söz var, əməl yox. Ona görə də hərb yolu hər zaman ön planda olur.

Dövlət sərhədində, demək olar ki, mümkün yüksəkliklərin 90 faizdən çoxuna Azərbaycan ordusu nəzarət edir. Bu nə lağdır, nə nağıl, nə də qarşı tərəfi aşağılama. Dəfələrlə olub ki, erməni tərəfi sahədəki görüşlərdə “tapşırın, bizi daşlamasınlar” tipli xahişlər ediblər. Yəni Azərbaycan ordusunun yüksəklik problemi yoxdur. Bunu eynilə Qarabağ istiqamətinə də şamil etmək olar.

Əsas məsələ qarşı tərəfi yola gətirməkdir. Azərbaycan bunun üçün sülhə məcburetmə əməliyyatları keçirə bilər. Əgər belə bir hal yaşanarsa, Azərbaycanı buna məcbur edən səbəb verilən sözlərin tutulmaması olacaq.

Rusiyanın bu məsələdə çox maraqlı yanaşması var. Dövlət sərhədi ilə bağlı Ermənistandakı revanşist qüvvələri hərəkətə gətirir, rəsmi İrəvanı verdiyi sözü tutmaqdan yayındırır. Çünki Rusiya Avropa İttifaqı ilə rəqabət içərisindədir. Eyni Rusiya Zəngəzur dəhlizi ilə bağlı məsələdə Azərbaycanın atdığı bütün addımlara “üç meymun”u oynayır. Həmin Rusiya Qarabağ məsələsində isə Azərbaycanın birbaşa qarşısında dayanıb. Oynayır, Azərbaycana qarşı bəzi qüvvələri oynadır. Ümumiləşdirsək, Rusiya Azərbaycanla Ermənistan arasındakı problemi üç yerə bölüb. Azərbaycan tərəfinin dolayısı ilə Zəngəzur üzərindən erməni tərəfinə təzyiq etməsini məqbul saya bilər. Əgər bu yol tutularsa, Azərbaycan beynəlxalq aləmdə hansı təzyiqlərlə üzləşəcəyini hesablamalıdır.

Əslində, bu məsələdə risklər də mövcuddur. Rusiyanın özünün beynəlxalq aləmdəki vəziyyəti ürəkaçan deyil. Belə bir məqamda Rusiyanın ipi ilə quyuya düşməyin özü də böyük risk daşıyır.

Məsələ ondadır ki, Azərbaycan sərhədi müəyyən etmək, sülh sazişini imzalamaq üçün bəzi riskləri göz önünə almalıdır. Hesab edirəm ki, indiki məqamda Azərbaycanın qarşısında duran birinci məsələ məhz yuxarıda saydıqlarımdır.

Açıq şəkildə ifadə etmək lazımdır ki, Rusiyanın Qarabağdan çıxması indiki məqamda mümkün görünmür. Sülhməramlıların mandatının bitməsinə ən azı 3 ildən bir qədər çox vaxt var. Regionda nə qədər arzuolunmaz olsa da, Rusiyanın önümüzdəki 3 ildə Qarabağda qalacağını göz önünə almalıyıq və buna uyğun olaraq da davranmalıyıq. Rusiyanın Qarabağda olduğu müddətdə xüsusi bir halın baş verməsi gözlənilən deyil.

Azərbaycan nə qədər Zəngəzur və dövlət sərhədinin müəyyən edilməsində tələsirsə, işĞAldan azad edilmiş ərazilərdə məskunlaşma üçün də tələsməlidir…

Səxavət Məmməd

www.yenicag.az

734
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv