!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan qadınları yüz il sonra yenidən çadraya bürünürlər

!Reklam – Yazi

Radikal dini cərəyanların qadınlara təsirləri Gəncədə gündəmə gətirilib. 

Azərbaycanın ikinci böyük şəhəri Gəncədə bu cür hadisələrin baş verməsi qarşısıalınmaz proseslərə yol aça bilərdi.

Yenicag.az xəbər verir ki, bu fikirləri Gəncə şəhərində keçirilən “Radikal dini cərəyanlar: Qadınları onların təsirlərindən necə qorumalı?” mövzusunda ictimai müzakirə zamanı “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva səsləndirib.

Tədbir “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.

Layihə rəhbəri, “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva qeyd edib ki, bu tədbirin keçirilməsi üçün Gəncə şəhəri təsadüfi seçilməyib. Bir il əvvəl (2018-ci ilin 3 iyulunda) Gəncə şəhərində icra başçısını odlu silahla qətlə yetirmək cəhdi olub. Bu, bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində öz məkrli siyasi maraqlarını həyat keçirmək istəyən qrupların dövlətçiliyə qarşı təxribatı kimi qiymətləndirilir.

İyulun 10-da radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki yüksək rütbəli polis zabitini qətlə yetirməsi isə Gəncə hadisələrinin kulminasiyası idi. Azərbaycanın ikinci böyük şəhərində bu cür hadisələrin baş verməsi qarşıalınmaz proseslərə yol aça bilərdi. Amma hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində bu təxribatların qarşısı alındı. Lakin dini şüarlarla pərdələnən, təxribatçı qüvvələr hələ də internet resurslarında və mümkün olan hər yerdə Gəncə hadisələrini “qəhrəmanlıq salnaməsi” kimi təqdim etməkdədir.

Ülkər Abdullayeva bildirib ki, əslində bu layihəni həyata keçirməyə təkan verən amillərdən biri də Gəncədə baş verən həmin olaylar olub.

O qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir və burada dindən siyasi alət kimi istifadə etməyə cəhdlər dövlətin təməlini sarsıda bilər. Son zamanlar Azərbaycanda radikal dindarların sayının nəzərəçarpacaq dərəcədə artdığını vurğulayan QHT sədri, bu sırada xeyli qadının da olduğunu diqqətə çatdırıb.

“Azərbaycan qadına ABŞ və bir sıra Avropa ölkələrindən əvvəl seçki hüququ verən ölkədir. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyət nəinki təkcə müsəlman və türk şərqində ilk demokratik dünyəvi respublika idi, o, həm də qadınların hüquq və azadlıqlarını tanıyan ilk müsəlman ölkəsi idi. İlk respublikamızın qurucuları qadınlarımızı çadradan, dini xürufatdan, cəhalətdən azad olmağa, dünyəvi təhsil almağa ruhlandırmışdılar. Təəssüf ki, 100 ildən sonra Azərbaycan qadınları yenidən çadraya bürünərək radikal dini cərəyanların təsiri altında fundamentalizmə, cəhalətə yuvarlanmaqdadır” – deyən layihə rəhbəri son illərdə xeyli sayda Azərbaycan qadınının öz ailəsini, doğmalarını ataraq “cihad etmək” adı altında Yaxın Şərq ölkələrinə getdiyini xatırladıb.

Radikal dini təşkilatlara qoşulan qadınların başına gətirilən müsibətlərdən bəhs edən QHT sədri, gəncəli həmcinslərini ayıq olmağa, dini xurafatdan uzaq durmağa, xarici ölkələrdən idarə olunan radikal dindarların təsiri altına düşməməyə, hər fürsətdə ətrafdakı insanları bu barədə maarifləndirməyə çağırıb.

Layihənin eksperti Nərmin Şamilova dünyadakı radikal dini qruplaşmalar, onların iş prinsipləri, qadınları öz qlobal torlarına necə saldıqları, onlardan necə istifadə etdikləri barədə ətraflı məlumat verib. Sonra mövzu ətrafında fəal müzakirələr gedib. Tədbir iştirakçıları faydalı məlumatlara görə layihə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

www.yenicag.az

1681
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv