“Bu, Qərb dairələrinin COP29 ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasının bir tərkib hissəsidir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi ekspert Kənan Novruz deyib.
Politoloq COP29 tədbiri ilə bağlı son günlər ölkəmizə qarşı başladılan qarayaxma kampaniyası haqqında fikirlərini bölüşüb.
Onun sözlərinə görə, bu təbliğat üçün sosial şəbəkələrdən istifadə edilməsi təsadüfi deyil:
“Belə ki, sosial şəbəkələrin auditoriyası daha genişdir və sözügedən dairə də yaxşı başa düşür ki, burada olan paylaşımları vasitəsilə məqsədlərinə daha yaxşı çatıb və daha geniş auditoriyaya təsir edə bilərlər. Bu da ictimai şüuru daha yaxşı formalaşdırmalarına gətirib-çıxardır. Belə cəhətlər əvvəllər də olub və böyük ehtimalla, COP29-un davam edəcəyi zamanda da bu antitəbliğat cəhdləri davam edəcək. Təbii ki, bu, bütün hallarda, riyakarlıqdır, çünki Qərb ölkələri COP29 tədbirinin Azərbaycanda keçirilməsini dəstəkləyə bilər və yekun formada buna səs veriblər”, – deyə o bildirib.
Ekspert qeyd edib ki, Qərbin bu addımı onun ikiüzlülüyünün təzahürüdür:
“Təbii ki, COP29 tədbirinin Azərbaycanda keçirilməsi dünyanın Azərbaycana olan etimadının göstəricisidir. Qərbin dəstəklədiyi bu məsələyə sonradan don geyindirməsi onun ikiüzlü siyasətindən xəbər verir. Odur ki, bunlar nəticəsiz olacaq, ictimai rəy dəyişməyəcək və Azərbaycan COP29-u uğurla təmsil edəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltanov