Son illər insan hüquqlarının müdafiəsi ilə məşğul olan bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının Azərbaycana qarşı münasibətdə nümayiş etdirdiyi mövqe təəssüflər olsun ki, daha çox qərəz, məsələlərə birtərəfli yanaşma, mövzunu yetərincə araşdırmamaq kimi mənfi hallara söykənir. Belə nümunələrdən biri də təşkilatınızın rəsmi olaraq qəsdən adam öldürmə, terrorçuluq, kütləvi iğtişaş cinayətlərini törətməkdə ittiham olunan Taleh Bağırovu vicdan məhbusu elan etməsi ilə bağlıdır.
Nəzərinizə çatdırmaq istərdik ki, sizin vicdan məhbusu elan etdiyiniz Taleh Bağırov tərəfdaşları ilə birlikdə “Müsəlman Birliyi” adlı hərəkat, əslində isə mütəşəkkil cinayətkar dəstə yaradaraq bu dəstə üzvlərini müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz etmiş, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətməyi, bütövlükdə konstitusiya quruluşunu dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlətin yaradılmasını planlaşdırmışdır. T. Bağırovun başçılıq etdiyi radikal silahlı qrup paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək ölkə əhalisini hakimiyyət əleyhinə səfərbər etməyin yollarını müzakirə etmiş, bununla bağlı çağırış vərəqələri paylamışdır.
2015-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Nardaran qəsəbəsində qanunla müəyyən edilmiş qaydada xüsusi əməliyyat tədbirləri keçirilən zaman cinayətkar dəstənin üzvləri polis əməkdaşlarına avtomat silahlardan atəş açmış, əl qumbarası atmış, nəticədə xidməti vəzifələrini yerinə yetirən 2 polis əməkdaşı qətlə yetirilmişdir. Xüsusi əməliyyat zamanı cinayətkar dəstənin 4 üzvü də zərərsizləşdirilmişdir.
Hadisə yerindən cinayətkar dəstənin üzvlərinə məxsus xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülmüş, Taleh Bağırov başda olmaqla dəstənin digər üzvləri saxlanılaraq istintaqa cəlb edilmişdir.
Biz QHT-lər olaraq qəsdən adam öldürmə və digər zorakı xarakterli cinayət əməlləri törətmiş radikal silahlı dini qrupun üzvlərinin və onun başçısı Taleh Bağırovun vicdan məhbusu elan olunmasını tamamilə qəbuledilməz hesab edirik. Necə ola bilər ki, 6 şəxsin həlak olmasına gətirib çıxaran terrorçuluq əməllərinin təşkilində bilavasitə iştirak etmiş, çox sayda vətəndaşın həyatı üçün təhlükə yaratmış şəxs “vicdan məhbusu”na çevrilsin?!
Dünyanın müxtəlif ölkələrində, xüsusi ilə Yaxın Şərqdə radikal dini cərəyanların fəal iştirakı ilə həyata keçirilən vətəndaş müharibəsi nəticəsində yüzminlərlə dinc insanın həlak olması fonunda Azərbaycanda analoji dini qrupun nümayəndəsinə qarşı Norveçin “Forum 18” təşkilatının göstərdiyi münasibət təəssüf və hiddət doğurur.
Hər il dünya miqyaslı müxtəlif humanitar forumlara, beynəlxalq idman yarışmalarına ev sahibliyi edən Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna qısqanclıqla yanaşan dairələrin ağır cinayət əməli törədən şəxsləri belə “vicdan məhbusu” elan etmək cəhdlərinə Azərbaycan vətəndaş cəmiyyəti institutları olaraq birmənalı şəkildə etirazımızı bildiririk.
İnsan hüquqlarının müdafiəçisi olan bütün beynəlxalq institutları hadisələrin mahiyyətini təhrif etməkdən, ölkəmizə qərəzli münasibət bəsləməkdən çəkinməyə çağırırıq.