!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Radiosu ilə “Türkiyənin səsi” müştərək yayıma başladı

!Reklam – Yazi

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti son zamanlar bir çox ölkənin nüfuzlu media qurumları ilə əlaqələrini genişləndirir. Bu çərçivədə qardaş Türkiyənin Radio və Televiziya Qurumu ilə əməkdaşlıq yeni maraqlı layihə ilə nəticələnib. Azərbaycan Radiosu ilə “Türkiyənin səsi” radiosu “Durna teli” adlı proqramla ilk birgə yayımını həyata keçirib.

Bu ilin fevral ayında Bakıda Azərbaycan və Türkiyənin dövlət başçılarının iştirakı ilə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasında “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Radio və Televiziya Qurumu arasında əməkdaşlığa dair yeni protokol imzalandı. İki radionun ortaq yayıma başlaması məhz həmin sənəddə nəzərdə tutulan geniş əməkdaşlıq planlarının yalnız bir nümunəsidir.

“Durna Teli” proqramı saatlar Bakıda 12.00-ı, Ankarada isə 11.00-ı göstərdikdə başlayıb. Verilişə telefon bağlantısı ilə qoşulan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral iki dövlət arasındakı əməkdaşlıqdan danışıblar, yeni layihənin xalqlarımızın qardaşlıq münasibətlərinə töhvə verəcəyini bildiriblər.

“Türkiyənin səsi” radiosunun Ankaradakı studiyasının qonağı olan Azərbaycan Televiziyasının Türkiyə təmsilçisi Yalçın Tahiroğlu isə televiziyamızın keçdiyi şərəfli yol, son dövrdə aparılan köklü islahatlar, efir keyfiyyəti, proqramların forma və məzmunundakı yeniliklərdən bəhs edib.

“Durna teli” proqramı ilk mərhələdə hər həftənin cümə günü Bakı vaxtı ilə 12:00-da yayımlanacaq. Gələcəkdə birgə layihələrlə bağlı  əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. 41 dildə yayımlanan “Türkiyənin səsi” radiosu ilə əməkdaşlıq Azərbaycan həqiqətlərinin beynəxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacaq.

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv