!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkmənistanda 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib - Fotolar

!Reklam – Yazi

Mayın 29-da Aşqabad şəhərində Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən “28 May-Respublika Günü” münasibətilə təntənəli rəsmi qəbul keçirilmişdir. Qəbulda Türkmənistanın İdman Komitəsinin sədri Toylu Köməkov, Türkmənistanın ictimai xadimləri, Türkmənistanda fəaliyyət göstərən xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin rəhbərləri və burada yaşayan soydaşlarımız iştirak etmişlər.

Tədbir Azərbaycanın və Türkmənistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır. Daha sonra səfir Həsən Zeynalov nitq söyləyərək Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində yaradılmış ilk demokratik, dünyəvi respublika olduğu, onun yarandığı tarixi şərait, mövcud olduğu qısa müddət ərzində dövlət quruculuğunun müxtəlif sahələrində həyata keçirilmiş mütərəqqi islahatlar, beynəlxalq aləmdə tanınması istiqamətində görülmüş işlər barədə iştirakçılara məlumat vermişdir.

Cümhuriyyətin əsas fəaliyyət istiqamətlərinin iqtisadiyyat, mədəniyyət, təhsil sahəsində islahatların həyata keçirilməsi, milli ordunun yaradılması olduğunu bildirən Səfir, bu islahatlardan ən mühümü kimi cinsindən, milliyyətindən, siyasi və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər, o cümlədən müsəlman aləmində ilk dəfə qadınlara seçki hüququnun verilməsini qeyd etmişdir. Cümhuriyyətin cəmi 23 ay yaşamasına baxmayaraq, onun Azərbaycan xalqının demokratik prinsiplər əsasında özünün milli dövlətini yarada bilməsinin sübutu kimi tarixə düşdüyü diqqətə çatdırılmışdır.

Müasir Azərbaycan Respublikasının 1991-ci ildə öz müstəqilliyini bərpa edərkən, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etməsi, eləcə də onun bayrağını, gerbini və himnini özünün dövlət rəmzləri kimi qəbul etməsi, xalqımızın qədim dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirdiyini bildirən Səfir, müstəqillik illərində Ümummilli lider Heydər Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyin yarandığını, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük nailiyyətlər qazanıldığını, bazar iqtisadiyyatının formalaşdığını, Azərbaycanın dünya birliyinə inteqrasiya olunduğunu, bütün bunların Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl yaratdığını vurğulamışdır.

Bu gün Azərbaycanın iri beynəlxalq enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynadığını qeyd edən Səfir, artıq reallaşdırılmış layihələrlə yanaşı, yaxın zamanlarda daha bir nəhəng enerji layihəsi olan TANAP və TAP qaz kəmərlərinin inşaatının başa çatmaq üzrə olduğunu diqqətə çatdırdı. Adı çəkilən layihələrin qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını bildirən Səfir, həmçinin Asiyadan Avropaya və əks istiqamətdə yüklərin daşınması müddətini əhəmiyyətli dərəcədə azaldacaq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələrinin ölkəmizdə uğurla davam etdirildiyindən bəhs etdi.

Azərbaycanın Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumunun, I Avropa Oyunlarının, IV İslam Həmrəylik Oyunlarının, eləcə də bir çox beynəlxalq miqyaslı tədbirlərin həyata keçirildiyi məkana çevrildiyi diqqətə çatdırıldı.

Çoxsaylı uğurları ilə yanaşı, Azərbaycanın ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı kimi həll olunmamış probleminin də olduğunu bildirən Səfir, bununla bağlı dünya ictimaiyyətinin, aparıcı beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin dərhal azad olunmasını tələb edən qətnamələrinin olduğunu diqqətə çatdırdı. Bu tələblərin hələ də yerinə yetirilməməyinə baxmayaraq, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa edəcəyi xüsusi vurğulandı.

Azərbaycanla Türkmənistan arasındakı ikitərəfli münasibətlərə toxunan Səfir, Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən ölkələrimiz arasında əlaqələrin gələcək inkişafının əsas istiqamətlərinin müəyyən olunduğunu diqqətə çatdırmışdır. Əlaqələrimizin siyasi və iqtisadi sahələrdə olduğu kimi, humanitar və mədəniyyət sahələrində də uğurla inkişaf etdiyi qeyd edilmiş, ötən il ticarət dövriyyəsinin 3 dəfə artdığı nəzərə çatdırılmışdır. Ölkələrimiz arasında müştərək hökumətlərarası komissiyanın fəaliyyət göstərdiyi, eləcə də ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı şəkildə biri-birini dəstəklədikləri bildirilmişdir.

Bu günlərdə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu diqqətə çatdıran Səfir, bunun ölkələrimiz arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcı olacağına inamını, eləcə də xalqlarımızın etnik yaxınlığının, tarixən qırılmaz bağlılığının, eyni mədəniyyətə sahib olmasının əlaqələrimizin inkişafına münbit zəmin yaratdığını ifadə etdi.

Daha sonra çıxış edən Türkmənistanın İdman Komitəsinin sədri Toylu Köməkov Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Respublika günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbriklərini çatdırmışdır. Türkmənistanda Azərbaycan Respublikası ilə dostluq münasibətlərinə yüksək dəyər verildiyini söyləmiş, hər iki ölkənin mehriban qonşu olduğunu, xalqlarının isə ortaq dil, tarixi və mədəni dəyərləri bölüşdüyünü qeyd etmişdir.

Toylu Köməkov Türkmənistanın dövlət başçısının 2015-ci ilin iyun ayında ölkəmizdə keçirilmiş İlk Avropa Oyunlarının açılış mərasiminə qatıldığını və bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə keçirilmiş görüş zamanı əldə olunmuş razılaşmaların münasibətlərin inkişafına yeni təkan verdiyini nəzərə çatdırmışdır. Bir neçə gün əvvəl Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Türkmənistandan çox böyük tərkibdə idmançıların iştirakı da münasibətlərin səviyyəsini göstərməkdədir.

Türkmənistanın rəsmisi iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edildiyini bildirərək, Azərbaycan Respublikasının Türkmənistanın bitərəflik statusunu dəstəkləyən ilk ölkələrdən biri olduğunu qeyd etmişdir. Bu ilin əvvəlində isə BMT Baş Məclisinin iclasında Türkmənistanın irəli sürdüyü 12 dekabr tarixinin “Beynəlxalq bitərəflik günü” kimi qeyd edilməsinə dair qətnamə layihəsinə Azərbaycanın həmmüəllif rolunda qoşulması da əməkdaşlığımızın yüksək göstəricisidir.

Əlaqələrimizin genişləndirilməsinin digər göstəriciləri sırasında Türkmənistan ilə Azərbaycan arasında hüquq-müqavilə bazasının gücləndirilməsi, hər iki ölkənin iştirakı ilə birgə beynəlxalq tədbirlərin keçirilməsi göstərilmişdir. Toylu Köməkov ticarət-iqtisadi sahədə əməkdaşlığın əhəmiyyətinə toxunmuş, bu xüsusda, hökumətlərarası komissiyanın vacib rol oynadığını qeyd etmişdir.

Həmçinin, elm və mədəniyyət sahəsində əməkdaşlıq üçün perspektivlərin mövcud olduğunu diqqətə çatdıraraq bildirmişdir ki, istər Azərbaycan, istərsə də Türkmənistanda elm və mədəniyyət sahəsində keçirilən tədbirlərdə hər iki ölkənin nümayəndə heyətləri fəal iştirak edirlər.

Sonda Türkmənistanın İdman Komitəsinin sədri Toylu Köməkov Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin hər iki xalqın rifahı naminə daha da yüksək templərlə inkişaf edəcəyinə əmin olduğunu qeyd etmişdir.
Rəsmi qəbulda xalq artistləri Mələkxanım Eyubova və Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycandan gəlmiş incəsənət xadimləri milli musiqi nümunələri ilə çıxış etmişlər.

Yenicag.az

www.yenicag.az

1144
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv