Azərbaycan-Rusiya münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf etdiriləcək – Nahid Canbaxışlı YAZIR
Dövlətimizin xarici siyasətində ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi əsasdır. Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar göz önündədir. Oktyabrın 7-də Azərbaycan Prezidenti cənab İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasına səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşlər keçirib, iki dövlət arasında əlaqələrin daha da möhkəmlənməsi, həmçinin bir sıra beynəlxalq məsələlər müzakirə edilib.
Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Prezident İlham Əliyev bir daha bildirib ki, möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf etdiriləcək. Artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir. Hər iki tərəf siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirlər. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Münasibətlər çoxşaxəlidir.
Qədim dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Əlaqələrin inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı İlham Əliyevin sözügedən səfəri çərçivəsində keçirdiyi görüşdə, həmçinin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında da iki dost, müttəfiq ölkənin münasibətlərinin günəninə, bugününə və onların əsasında perspektivlərə işıq salındı. Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti ilə görüşündə «Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik» söyləyən Vladimir Putin əlaqələrin inkişafında əsas amil olan iqtisadi vəziyyətə xüsusi diqqət göstərdi. Əmtəə dövriyyəsi 4 dəfədən çox artıb. 4,3 milyard dollardır. Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur: «Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır. Çox şadıq ki, MDB ölkələri başçılarının görüşü platformasında bizim bu gün cari işlər barədə informasiya mübadiləsi aparmaq, ola bilər ki, irəliyə doğru bu hərəkətdə, – bu isə açıq-aşkardır, – hər hansı düzəlişlər etmək imkanımız var.»
Tarixi Zəfərimzdən sonra qarşılıqlı səfərlərə diqqət yetirəndə əsas müzakirə mövzularından birinin məhz şanlı Qələbəmizin yaratdığı reallıqlar diqqətdən kənarda qalmır. Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi yeni reallıqlara yol açıdı. Bu reallıqlar Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlarda əlaqələrinin daha yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynayır. Xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin qurulmasında və yeni istiqamətlər üzrə inkişafında maraqlı olan Azərbaycanın Rusiya ilə münasibətləri möhkəm təmələ əsaslanır. Rusiya və Azərbaycan dövlət başçıları hər zaman Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirir və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırırlar. Prezident İlham Əliyevin Rusiyaya növbəti səfəri və Prezident Vladimir Putinlə görüşü iki ölkə arasında bütün sahələr üzrə məhsuldar əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcək.
Dövlətimizin başçısı İlham Əliyev möhkəm təmələ söykənən münasibətlərimizdən geniş bəhs edərək bu fikri xüsusi qeyd etdi ki, biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Putin və Heydər Əliyev qoyublar. Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Birgə böyük nəqliyyat layihələri həyata keçiririk. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir, iqtisadi, siyasi, enerji, humanitar və bir çox digər sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir.
Cari ilin avqust ayında isə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin mart ayında Prezident seçildikdən sonra ilk dəfə ölkəmizə dövlət səfəri oldu. Bu səfər də mühüm məqamları ilə diqqətdə olmaqla yanaşı, əlaqələrimizn gələcək inkişafı üçün yol xəritəsinin təqdimatında öz sözünü dedi. Hər bir səfər imzalanan sənədlər, həmçinin müzakirə edilən məsələlər baxımından münasibətlərdə yeni səhifənin açılması ilə tarixə yazılır.
Oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Prezident İlham Əliyevin iştirakı və çıxışı münasibətlərimizin təqdimatında əhəmiyyətli rol oynadı. Rusiya Federasiyasının Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfərinin Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdiyini önə çəkən cənab İlham Əliyev bildirdi ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək.
Ölkə Prezdienti bu mühüm məqamı xüsusi qeyd etdi ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib.
Təbii ki, bu mühüm addım tarixi Zəfərimizin reallıqlarının təqdimatında öz sözünü deyəcək. Hazırda nəinki Laçın, işğaldan azad edilmiş bütün ərazilərimiz bərpa-quruculuq dövrünü yaşayır. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.
O da bildirildi ki, növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.
Cari ildə dövlət başçısı İlham Əliyevin qarşılıqlı səfərlərdə, iştirak etdiyi beynəlxalq tədbirlərdə diqqət göstərdiyi əsas məsələ Azərbaycanın noyabr ayında mötəbər tədbirə – COP29-a ev sahibliyi olur. Bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatıdır. Hər zaman belə bir əminlik də ifadə edilir ki, Azərbaycan digər beynəlxalq tədbirlər kimi, COP29-un da yüksək səviyyədə təşkilinə nail olacaq. Bu tədbir yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açacaq. Azərbaycan malik olduğu imkanları bu tribunadan dünyaya təqdim edəcək. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında da bildirdi ki, bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk.
Diqqət göstərilən məsələlərdən biri də MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciətinin qəbul edilməsi oldu. Cənab İlham Əliyev qeyd etdi ki, “Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar”. Belə bir əminlik də ifadə edildi ki, 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.
Göründüyü kimi, ikitərəfli əlaqələrin inkişafında maraqlı olan Azərbaycan bütün imkanlardan maksimum istifadə etməyə səy göstərir. Azərbaycan-Rusiya münasibətlərinin gələcək inkişafı üçün möhkəm baza mövcuddur.
Nahid Canbaxışlı
“Vətəninfo.az” İnformasiya Agentliyi
Baş redaktoru