“Rusiya bizim tarixi və böyük qonşumuz olduğu üçün Rusiya ilə də münasibətlərimizi, əlaqələrimizi inkişaf etdirməli, daha da gücləndirməliyik”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkəmizdə Azərbaycan-Rusiya birgə Universitetinin yaradılmasının Azərbaycanın təhsil sahəsinə verəcəyi töhfə və iki ölkə arasında əlaqələrin daha da güclənməsi haqda danışan VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, dünyada bu cür birgə universitetlərin yaranması ənənəsi var:
“Bildiyimiz kimi, hazırda Azərbaycanda Rusiyanın bir neçə universitetinin filialı fəaliyyət göstərir. Bu ali təhsil müəssisələri artıq uzun müddətdir Azərbaycan təhsilinə öz töhfəsini verir. Biz uzun illərdir bu istiqamətdə universitetlərin fəaliyyət göstərdiyini görürük. Hazırda da bu gün biz bu prosesə baxanda dünyada bu cür birgə universitetlərin yaranması ənənəsi var. Bu gün, eyni zamanda, Türkiyə-Azərbaycan birgə universiteti fəaliyyət göstərir. Hesab edirəm ki, Azərbaycan-Rusiya birgə universitetinin fəaliyyət göstərməsi də normaldır. Biz məsələlərə sadəcə tarixin prizmasından yanaşmamalıyıq. Düşünürəm ki, təhsil sahəsində birgə universitetlərin fəaliyyəti, təhsil sahəsində təcrübələrin bölüşdürülməsi təhsilin inkişafı baxımından xüsusi önəm və əhəmiyyət daşıyır. Biz bu cür ali təhsil müəssiələrinin yaradılmasında maraqlı olmalıyıq. Qeyd etdiyim kimi, bu gün ölkəmizdə Türkiyə-Azərbaycan birgə Universiteti, Azərbaycan İtaliya birgə Universiteti fəaliyyət göstərir. Eləcə də digər dövlətlərlə hesab edirəm ki, birgə universitetlərin yaradılması önəmlidir. Bu ümumilikdə təhsilimizin inkişafına ciddi bir töhfə və uğur gətirə bilər”.
C.Məmmədov qeyd edib ki, düzdür, Azərbaycanda Rusiya ilə bağlı fərqli münasibətlər var:
“Onu da nəzərə almaq lazımdır ki, Rusiya bizim tarixi və böyük qonşumuz olduğu üçün Rusiya ilə də münasibətlərimizi, əlaqələrimizi inkişaf etdirməli, daha da gücləndirməliyik. Bu mənada, belə bir ali təhsil müəssisəsinin yaradılması çox önəmlidir.
Rusiyanın Sankt-Peterburq Universiteti də onun ən güclü və böyük universitetlərindən biridir. Həm əvvəlki dövrlərdə eyni zamanda sovet və müasir dövrdə də çoxlu sayda azərbaycanlı gənc həmin ali təhsil müəssisəsində təhsil alıb. Ümumiyyətlə, Rusiyanın təhsil prosesində zaman-zaman azərbaycanlılar da bu təhsil müəssisələrinin məzunu olublar. Bu mənada belə bir addımın atılması və belıə bir layihənin həyata keçirilməsi təhsilimizə təhsilimizə müsbət təsir göstərə və töhfə verə bilər. Hər birimiz bu prosesdə fəal olmağa çalışmalıyıq”.
İsmayıl Bakuvi