Amerikanın Rusiyaya qarşı yeni sanksiyaları (xüsusilə hərbi-sənaye kompleksi ilə bağlı) Moskva ilə hərbi-texniki tərəfdaşlığı inkişaf etdirən ölkələrə də toxuna bilər. Bu fikirlə xarici siyasət üzrə Amerika Şurasının analitiki Stiven Blank çıxış edib.
Blankın sözlərinə görə, Rusiyadan böyük həcmdə hərbi texnika alan Azərbaycan və Ermənistanın da bu fonda bəzi “sürprizlərlə” qarşılaşması mümkündür. Ekspert hesab edir ki, bu, yaxud digər ölkənin bütün hökumətinə qarşı sanksiya tətbiqi də gözləniləndir. Həmin açıqlamadan belə anlaşılır ki, ABŞ-ın Moskvaya qarşı yeni sanksiyalarından Azərbaycan da əziyyət çəkəcək.
Məsələni Yenicag.az-a şərh edən politoloq Natiq Miri Azərbaycanın Rusiya ilə bağlı verilən sanksiyalardan yan keçməsinin çətin olduğunu bildirdi:
“Bilirsiniz ki, ABŞ tərəfindən tətbiq edilən sanksiyalarda Rusiyadan silah alan, bu ölkənin silah istehsalçısı olan şirkətlərin hamısı sanksiyaya məruz qalıb. Bu baxımdan da Rusiyadan silah alan və həmin istiqamətdə hansısa maliyyə əməliyyatını bank vasitəsilə aparan ölkələr də bilavasitə sanksiyalara məruz qalacaq.
Yəni kim bu qanunu pozacaq, sanksiyalardan yan keçərək Rusiyadan silah alacaqsa, təbii ki, həmin dövlət, onun bankları və bilavasitə prosesdə iştirak edən hakimiyyət təmsilçiləri də sanksiyalara məruz qalacaq. Burada Azərbaycan istisna hal olaraq götürülmür. Rusiyadan silah alan və almaq istəyən bütün ölkələr bu siyahıya daxil ediləcək. Amma sanksiyalardan yan keçmək üçün də müxtəlif təcrübələr var. Bilirsiniz ki, Türkiyə Rusiya ilə S-400 raketlərini almaqla bağlı anlaşma imzalayıb. Bunun müqabilində ABŞ-ın müdaxiləsinə imkan verməmək üçün Rusiyaya verilməli pul dollarla deyil, milli valyutalarla ödənilib.
Həmçinin, hazırda virtual aləmdə bitkoinlərdən istifadə olunur. Azərbaycanın da sözügedən məsələdə ABŞ sanksiyalarından yan keçməsi üçün bu cür üsullardan istifadə edilə bilər. Ancaq onu da nəzərə alaq ki, Azərbaycan Türkiyə kimi böyük, güclü və qüdrətli deyil. Ankara Vaşinqtonun sanksiyası qarşısında nəinki duruş gətirə bilər, hətta hər cəhətdən ABŞ-a qarşı da çıxa bilər. Bunu Afrin əməliyyatında gördük. Ancaq Azərbaycan üçün bu məsələ daha həssas olduğundan Bakı bununla bağlı azı iki dəfə düşünməli olacaq. Yaxud da bu məsələ gizli aparıla və ödəmə vasitələri elə düşünülə bilər ki, artıq ABŞ-ın xüsusi xidmət orqanları məsələdən duyuq düşməyə bilərlər. Başqa halda, duyuq düşəcəklərsə, onda əmin olun ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Azərbaycan banklarına, eyni zamanda hakimiyyətdəki bəzi məmurlara da tətbiq oluna bilər”.
ELÇİN