“Şəkər çuğunduru əkilən sahələrin ərazisi hər il orta hesabla 100-150 hektar artırılır”.
Azərbaycanda 2017-ci ildə şəkər istehsalında qeydə alınmasından sonra “Azərsun Holdinq”in İmişli şəkər zavodu 2019-cu ilin üç rübü ərzində istehsal həcmini əhəmiyyətli dərəcədə artırıb.
Bu artımın sayəsində Gürcüstan, Mərkəzi Asiya, və başqa ölkələrə şəkər ixracı 50 faiz artıb. Şəkər istehsalında qeyd alınan bu artım Azərbaycanın sözügedən məhsulun xaricə ixrac etməsi imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirir.
Kənd təsərrüfatı üzrə mütəxəssis Nicat Nəsirli Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycanın şəkər ixracı ilə bağlı imkanlarının genişləndirilməsi üçün yetərli potensialı var.
Ekspertin sözlərinə görə, bu sahə üzrə məhsuldarlığın stimullaşdırılması yerli tələbatı 100 faiz təmin etməklə yanaşı, ixrac həcminin artırılmasına da müsbət təsir göstərə bilər:
“Azərbaycanda şəkər emalı və tədarükü hələlik yalnız İmişli şəkər zavodunda həyata keçirilir. Son illər bu sahə 3700 hektarı ötüb və əsasən İmişli, Füzuli, Beyləqan, Ağcabədi, Tərtər və Aran rayonlarını əhatə edib.
Şəkər çuğunduru əkilən sahələrin ərazisi hər il orta hesabla 100-150 hektar artırılır. Azərbaycan xarici ölkələrdən yalnız xammal şəklində qənnadı sənayəsində istifadə olunan qlükoza və əlavə dadlandırıcı vasitələr alır. Amma yaxşı olardı ki, bu xammalların yerli istehsalı təmin olunsun”.
Nicat Nəsirli qeyd edib ki, şəkər ixracının artırılması üçün bu məhsulun xammal deyil, emal edilmiş formada ixracatına şərait yaradılmalıdır:
“Azərbaycan xarici ölkələrə şəkəri xammal şəklində ixrac edir. Çalışmalıyıq ki, bu tendensiyanın qarşısı alınsın. Ona görə də, bəzi fermerlərimiz torpağın becərilməsində texniki tədbirlərə və şəkər çuğundurunun yetişdirilməsində aqrotexniki qulluq qaydalarına riayət etməlidirlər.
Bununla yanaşı, növbəli əkin sistemi tətbiq olunmalıdır. Eyni torpaqda uzunmüddətli şəkər çuğunduru əkmək risklidir. Bu qaydalara əməl edilərsə, şəkər ixracını genişləndirmək imkanı artacaq”.
Gülşən Şərif