!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərində NÖVBƏTİ MƏRHƏLƏ: Yeni çağırışlar, yeni perspektivlər

!Reklam – Yazi

Təqribən 70 il sürən sovet işğalından sonra 1991-ci il oktybarın 18-də müstəqilliyini bərpa edən Azərbaycan Respublikası həmin tarixdən etibarən dünya birliyində öz yerini tutmağa, eyni zamanda, həm etnik, həm də çoğrafi və dini-mənəvi baxımdan yaxın olan dövlətlərlə ikitərəfli münasibətlər qurmağa başladı.
Əlbəttə, artıq dünyanın siyasi xəritəsində mövqelənən və müstəqillik yolunda ilk addımlarını atan, həmçinin o ərəfədə Rusiyadan birbaşa himayə olunan Ermənistanın hərbi təcavüzünə məruz qalan Azərbaycanın qardaş Türkiyə ilə yanaşı, İslam aləminin aparıcı dövlətlərinin dəstəyinə güvənməsi təbii qarşılanmalı idi. Rəsmi Bakının bu sırada münasibətlərin qurulmasına və dərinləşdirilməsinə ciddi önəm verdiyi ölkələrdən biri də müsəlman dövlətləri arasında xüsusi çəkiyə malik, Yaxın Şərq regionunun əsas oyunçularından biri olan və İslam dünyasından öz maddi dəstəyini heç vaxt əsirgəməyən Səudiyyə Ərəbistanı idi.
***
Səudiyyə Ərəbistanı Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 30-da – hələ SSRİ-nin aqibətinin tam müəyyənləşmədiyi və “Şər imperiyası”nın süqutunun təsəvvür edilmədiyi bir ərəfədə tanıdı. Bundan az müddət keçdikdən sonra iki ölkə arasında diplomatik münasibətər quruldu və müxtəlif istiqamətlər üzrə əməkdaşlığın əsası qoyuldu. Bununla belə, Ermənistanın hərbi təcüvüzünün genişlənməsi və nəticədə Azərbaycan ərazilərinin 20 faizinin işğal altına düşməsi, 1 milyona yaxın insanın məcburi köçkünə çevrilməsi ikitərəfli əməkdaşlığın mövcud potensialından tam şəkildə istifadə etməyə imkan vermirdi. Ancaq qeyd olunmalıdır ki, Səudiyyə Ərəbistanı o ağır günlərdə Azərbaycanın yanında olaraq, məcburi köçkünlərin yerləşdirilməsində, ərzaq və geyimlə təmin edilməsində müstəsna rol oynadı. 1993-cü ulin payız-qış aylarında məhz Səudiyyə Ərəbistanı tərəfindən qısa müddətdə bir neçə çadır şəhərçiyinin inşa edilməsi on minlərlə məcburi köçkünün həyatda qalmasına səbəb oldu.

Eyni zamanda, 1994-cü ilin mayında Qarabağ cəbhəsində uzunmüddətli atəşkəs əldə edildikdən sonra Ər-Riyad İslam Konfransı Təşkilatı (İKT) və digər nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini bərmənalı dəstəkləyib. Bu siyasi-mənəvi dəstəyin ən bariz nümunəsi Səudiyyə Ərəbistanının işğalçı Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina etməsidir. Hətta Azərbaycanın 2020-ci ildə 44 günlük müharibə nəticəsində öz ərazilərini erməni işğalından azad etməsi də Ər-Riyadın bu mövqeyinin dəyişməzliyinə təsir göstərməyib.

Ümumiyyətlə, Azərbaycanla Səudiyyə Ərəbistanının münasibətlərinə nəzər saldıqda, burada dövlətlərin mənəvi yaxınlığının protokol “səmimiyyət”ini arxa plana keçirdiyini açıq şəkildə görmək mümkündür. Yəni Bakı ilə Ər-Riyad arasında əlaqələrin yüksək səviyyəsi iki ölkənin ortaq dəyərlərinin çoxluğu ilə izah edilə bilər. Başqa sözlə ifadə etsək, Səudiyyə Ərəbistanının Azərbaycana dəstək verməsi müsəlmanlarım iki müqəddəs şəhərinin – Məkkə ilə Mədinənin o ölkədə yerləşməsi səbəbindən yaranın mənəvi öhdəlikdən irəli gəlmir. Həmçinin Azərbaycanın da Səudiyyə Ərəbistanına yanaşması bu münasibətə mexaniki qarşılıq vermək zərurətindən qaynaqlanmır.

Ancaq bu da qeyd olunmalıdır ki, Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin yüksək səviyyəsi regionun heç də bütün dövlətləri tərəfindən məmnunluqla qarşılanmayıb. Bu əlaqələrdən ciddi narahatlıq keçirən İranın fars-molla rejimi süni məzhəbçilik faktoru da daxil olmaqla, müxtəlif vasitələrlə bu əlaqələri pozmağa davamlı cəhdlər göstərib. Bununla belə, istər Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin, istərsə də fəaliyyətdə olan dövlət başçısı İlham Əliyevin qəti və ardıcıl mövqeyi sayəsində ikitərəfli münasibətlərə zərbə vurulmasına imkan verilməyib.

Səudiyyə Ərəbistanında, xüsusilə, son illərdə – kral Salman bin Əbdüləziz əs-Səudun 2015-ci ildə hakimiyyətə gəlişindən sonra ölkənin həyatında keyfiyyətcə yeni mərhələ başlayıb. Krallıqda həyata keçirilən ciddi siyasi-iqtisadi islahatlar Səudiyyə Ərəbistanında ümumi inkişafa əhəmiyyətli təkan verib. Ölkədə gerçəkləşdirilən mütərəqqi dəyişikliklər digər ərəb dövlətləri üçün misilsiz örnəyə çevrilib və Ər-Riyadın onsuz da möhkəm mövqelərini xeyli gücləndirib. Eyni zamanda, Krallığın vaxtilə yaxın münasibətlərdə olduğu Türkiyə ilə yaranmış soyuqluğun aradan qaldırılmasına hədəflənmiş addımları Azərbaycanla münasibətlərin inkişafına da münbit zəmin yaradıb. Krallığın vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın bəyan etdiyi “Vizyon-2030” proqramı ölkənin postneft dövrünə keçidi və yeni sosial islahatlara başlaması üçün uğurlu sənəd kimi dəyərləndirilr.

Qeyd edək ki, vəliəhd şahzadənin yürütdüyü siyasət beynəlxalq aləm tərəfindən ciddi rəğbət görməkdə və dünya liderləri tərəfindən təqdirlə qarşılanmaqdadır.

“Wall street” jurnalının yazdığı kimi, “Şahzadə Məhəmməd dünyaya sübut etdi ki, ölkəsi heç bir gücün diqtəsinə boyun əyməyəcək aədər güclü dövlətdir və beynəlxalq arenada öz maraqlarını təmin edən qərarlara imza atır”.
***
Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanın 44 günlük müharibədə qazandığı möhtəşəm zəfər Cənubi Qafqazda yeni, Bakının şərtlərinə əsaslanan şərait yaradıb. Bu şərait Azərbaycanın regiondakı mövqeyini gücləndirməklə bərabər, əsas təşəbbüskarı ilə iştirakçısının Bakı olduğu irimiqyaslı beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsinə də yol açıb. Gerçəkləşdirdiyi islahatlar və qazandığı hərbi qələbə sayəsində biri Yaxın Şərqin, digəri isə Cənubi Qafqazın aparıcı dövlətlərinə çevrilən Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün çox geniş üfüqlər açılıb. Azərbaycanın qətiyyətli siyasəti nəticəsində yaxın müddətdə açılması çox real görünən Zəngəzur dəhlizinin istifadəyə verilməsi iki ölkənin iqtisadi əməkdaşlığında yeni səhifə açacaq. Hər iki ölkənin qlobal enerji təhlükəsziliyinə verdiyi töhfə isə bu dövlətlərin beynəlxalq əhəmiyyətini son dərəcə artırır.

Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişafından danışarkən, mövcud əməkdaşlığın heç də bütün sahələri əhatə etmədiyini vurğulamaq lazımdır. Bu sırada qeyri-neft sektoru üzrə əməkdaşlığın qurulması və genişləndirilməsi üçün böyük potensialın mövcudluğu nəzərə alınmalıdır. Eyni zamanda, iki ölkə arasında media sahəsində əməkdaşlığın əsasının qoyulması, yeni dövrə uyğun təcrübə mübadiləsinin aparılması, birgə media layihələrinin həyata keçirilməsi, qarşılıqlı səfərlərin təşkili bu sahədə qısa müddət ərzində uğurlu işbirliyini təmin edə bilər.
***
Diplomatik sahədəki qarşılıqlı əməkdaşlığın media başda olmaqla digər sahələrdə də özünü göstərməsi vacibdir. Ancaq iki ölkə arasında mədəni, ictimai və media əlaqələrinin geniş tarixçəsindən danışa bilmirik. Dünya mediasının önəmli bir parçası olan ərəb mediası ilə kiçik istisnalarla kağız üzərində əlaqələrdən o tərəfə keçə bilməməyimizin nəticəsidir ki, biz bu böyük pəncərəni öz üzərimizə qapatmışıq. Ancaq son illərdə Azərbaycan mediasında da müsbətyönlü dəyişikliklər Türkiyə ilə olduğu kimi Səudiyyə Ərəbistanı başda olmaqla, ərəb mediası ilə əlaqələr üçün də bur fürsət sayıla bilər. Qarşılıqlı jurnalist səfərləri, media platformaları, media qurumları arasında ikitərəfli anlaşmalar, təmdilçiliklərin açılması başda Səudiyyə Ərəbistanı olmaqla, ərəb mediası ilə əlaqələrin qurulmasına zəmin yaradar. Səudiyyə Ərəbistanı da Qafqazın lider dövləti ilə diplomatik əlaqələrlə yanaşı digər sahələrdə də əməkdaşlığını artıraraq, həm İranın anti-ərəb təbliğatını önləyər, həm də Məhəmməd ibn Salmanın “Vizyon-2030” proqramının Qafqazda da rəğbət görməsinə gətirib çıxarar.

İstənilən halda, həm Səudiyyə Ərəbistanının, həm də Azərbaycanın ikitərəfli əlaqələri genişləndirməyə yönəlik siyasi iradəsi vurğulanan sahələrdə də əməkdaşlığın qurulacağını söyləməyə əsas verir. Çünki bunun əksinin olması üçün hər hansısa bir səbəb yoxdur.

Aqil ƏLƏSGƏR
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

www.yenicag.az

727
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv