!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Şuşada daha bir TARİX YAZDI: Türk dünyasının birliyini Zirvəyə daşıyan Qarabağ Bəyannaməsi

!Reklam – Yazi

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.

Bu mötəbər tədbir Azərbaycan ilə Türk Dövlət Təşkilatına üzv olan dövlətlər arasında dostluq və əməkdaşlıqda yeni mərhələyə qədəm qoyduğunun əyani nümayişi oldu. Bu gün Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşada TDT-nin qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması dost və qardaş ölkələr arasında yeni tarixin, yeni reallığın və birliyin təcəssümüdür. Bu baxımdan Bəyannamə yalnız Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xeyrinə olan ümumi razılaşma kimi qəbul edilməməlidir. Bu saziş bir mənada müvafiq geosiyasi regiona, geniş mənada isə dünya güc balansına birbaşa aidiyyəti olan bir bəyannamə olmaq xüsusiyyətinə malikdir və hətta bu qüvvələr balansını yenidən formalaşdıracaq.

Türk dövlətlərinin başçılarının azad edilmiş Azərbaycan torpaqlarına səfəri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxışında bildirib ki, Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür:

“Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər. Fürsətdən istifadə edərək, qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, bu tədbirin önəminin siyasi nəticəsi olaraq imzalanan Qarabağ Bəyannaməsi Cənubi Qafqazın dəyişən geosiyasi və geoiqtisadi mühitində dost ölkələrin hərtərəfli əməkdaşlığa dair mövqeyinin müəyyən edilməsi nəzərdə tutulur. Şübhəsiz ki, Azərbaycan dövlətinin 44 günlük müharibədə qələbəsi onu beynəlxalq maraqların konsensus mərkəzinə çevirir. Başqa bir tərəfdən sənəd Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin Azərbaycana mənəvi-siyasi dəstəyi sayıla bilər. Bu baxımdan Qarabağ bəyannaməsi Azərbaycanın regional güc statusunu gücləndirir.

Prezident İlham Əliyev çıxışında qeyd etdiyi kimi, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.

Dövlətimizin başçısı bildirib ki, “Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir”.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz çıxışında qeyd edib ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması təkcə region ölkələri üçün deyil, həm də qlobal təhlükəsizlik və əlaqə üçün böyük əhəmiyyət kəsb edir, çünki nəhayət regional nəqliyyat xətləri açılacaqdır:

“Bu xətlərin açılması regional əməkdaşlığın artırılması ilə bütün türk dünyası, o cümlədən Mərkəzi Asiya, Qara dəniz və Xəzər hövzələri üçün böyük faydalar yaradacaq və yeni imkanlar açacaq. Beynəlxalq qurumların onilliklər ərzində Azərbaycana qarşı ədalətsizliyə biganə qalmasına baxmayaraq, Azərbaycan xalqı İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə öz qəhrəmanlığı ilə öz haqqını qazanıb. Birinci Qarabağ müharibəsindən sonra yurd-yuvasından didərgin düşmüş 1 milyon azərbaycanlı qaçqınının müdafiəsi üçün səsini ucaltmayan dövlətlərin bu gün qardaş Azərbaycanın ünvanına haqsız və əsassız ittihamlarla çıxış etməsi tamamilə qəbuledilməzdir. Türk dünyası olaraq bu əsassız ittihamlara qarşı Azərbaycana güclü dəstəyimiz qardaşlığımız kimi ədalət tələbidir”.

Qeyd etmək lazımdır ki, Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsi regionun inkişafına mühüm töhfələr verəcək. Bu səbəbdən də Türk dövlətləri ilə ittifaqın təməl dinamikalarından biri olan Qarabağ Bəyannaməsi beynəlxalq hüquq və siyasət baxımından böyük əhəmiyyət kəsb edir. Qarabağ Bəyannaməsi tarixi və regional-qlobal miqyasda siyasi məsələdir və hüquqi bazaya əsaslanır. Qarabağ Bəyannaməsi geniş geosiyasi müstəvidə yeni sabitlik, təhlükəsizlik, sosial-mədəni və iqtisadi tərəqqiyə öz töhfəsini verəcəyi inamlı gözləntilərdən sayıla bilər.
Bu mühüm sənəd həmçinin növbəti mərhələyə keçidi təmin edə biləcək keyfiyyətə malikdir. Bəyannamə regional əməkdaşlığın yeni formasını qlobal səviyyədə mövcud reallıqlara uyğunlaşdırmaq üçün tarixi fürsətdir.

Nəsimi Ələsgərli

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv