“Azərbaycan Şuşanı Türk dünyasının mənəvi paytaxtına çevirmək istəyir” – Politoloq

“Azərbaycana təzyiq etmək istəyənlər qarşısılarında həm də Türkiyəni və Pakistanı da görəcəklər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın Şuşada konsulluq açacaqlarına dair sözlərinə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, Türkiyənin Şuşada konsulluq açmaq niyyəti strateji əhəmiyyətli məsələdir:

“Türkiyə Azərbaycanın Qarabağda həyata keçirəcəyi dəyişikliklərlə bağlı qətiyyətini göstərir. Əslində, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun tələm-tələsik bölgəyə gəlməsi də Türkiyənin niyyəti ilə bağlıdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya gəlmək istəyir. Rusiya bundan narahat olaraq, əl-ayağa düşüb. Azərbaycan Şuşanı ikinci paytaxt, ola bilsin, Türk dünyasının mənəvi paytaxtına çevirmək istəyir. Bu istiqamətdə işlər aparılır.

Hazırda Şuşada böyük quruculuq, tikinti işləri həyata keçirilir. Türkiyənin bu niyyəti strateji məsələ olmaqla yanaşı, mühüm əhəmiyyətə malikdir. Koçəryan həyazacasına bəyan edir ki, güclü ordu toplayıb, Şuşanı, Hadrudu təkrar işğal edəcək.

O adamlar başa düşmür ki, buraya gəlmədirlər. Ermənilər bizim torpaqda bir dövlət qurublar, onlara ikinci dövlətin qurulmasına icazə verməyəcəyik. Fransanın mövqeyi də xristian təəsübkeşliyindən irəli gəlir.

Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etməlidir. Bu məsələdə Azərbaycana dəstək olan dövlətlər də var. Azərbaycana təzyiq etmək istəyənlər qarşısılarında həm də Türkiyəni və Pakistanı da görəcəklər. Türkiyə Şuşada konsulluğunu açmalıdır, bu, niyyət və arzu olaraq qalmamalıdır”.

Səxavət Məmməd