Azərbaycanın Energetika Nazirliyi Türk dövlətləri arasında energetikanın ənənəvi növləri üzrə mövcud uğurlu əməkdaşlıq təcrübəsinin enerji keçidi, “yaşıl enerji”, enerji səmərəliliyi istiqamətlərində genişləndirilməsini müzakirə edib.
Yenicag.az xəbər verir ki, bu barədə energetika nazirinin müavini Samir Vəliyevlə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev arasında keçirilən görüşdə bildirilib.
Məlumata görə, həmçinin nazirlik və Türk Dövlətləri Təşkilatı arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir müavini qonağı yeni təyinatı münasibətilə təbrik edib, təşkilata üzv dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə çoxtərəfli enerji əməkdaşlığının prioritetləri nəzərdən keçirilib, əlaqələrin inkişafının enerji təhlükəsizliyi aspektində vacibliyi vurğulanıb. Ötən il Azərbaycanın Təşkilata sədrliyi çərçivəsində keçirilmiş TDT-nin energetika nazirlərinin və energetika üzrə işçi qrupunun 1-ci iclasına diqqət çəkilib, üzv dövlətlər arasında energetikanın 3 müxtəlif istiqaməti üzrə formalaşdırılmış alt işçi qrupların fəaliyyəti müzakirə edilib.