Azərbaycan təhsilində STRATEJİ PRİORİTETLƏR: Dövlət bu sahənin inkişafını necə təmin edir? – TƏHLİL

Faiq Ələkbərli: “Qarabağ Universitetinin təsis edilməsi Azərbaycanın milli maraqları və dəyərlərinə əsaslanan ən uğurlu addımlardan biridir”.

Nadir İsrafilov: “Qarabağın əvvəlki kimi elm, mədəniyyət, incəsənət mərkəzi olaraq yenidən dirçəldilməsinə bu sərəncamın çox böyük təsiri olacaq”.

Azərbaycanın güclü və beynəlxalq müstəvidə böyük nüfuza sahib olması üçün dövlətimiz tərəfindən bir çox sahələr üzrə uğurlu addımlar atılıb. Bu sahələr arasında təhsil sektorunu xüsusi olaraq qeyd etmək lazımdır. Çünki Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, “Təhsil millətin gələcəyidir”. Dövləti dövlət etmək üçün görülən prioritet istiqamət vətəndaşların təhsilli olmasıdır. Bu səbəbdəndir ki, Azərbaycanda təhsilə böyük önəm verilir, diqqət və qayğı göstərilir.

Xüsusilə, müstəqilliyimizin bərpasından sonra təhsil sahəsində uğurlu addımlar atılmaqdadır. Ən ucqar dağ kəndində belə yaşayan vətəndaşların təhsil ehtiyacının ödənilməsi üçün müasir dünya standartlarına uyğun məktəblər tikilib, şagirdlər və müəllimlər lazımi ləvazimatlarla təmin olunub. Hər kəsin təhsil sahəsində şahid olduğu son addım Prezident İlham Əliyevin Xankəndidə Qarabağ Universitetinin təsis olunması ilə bağlı sərəncamı idi. Bu addım işğaldan azad olunmuş ərazilərdə təhsilin də digər sahələrlə eyni səviyyədə inkişaf etdirilməsi məqsədinin göstəricisidir.

Mövzu ilə bağlı fikirlərini bölüşən Bütöv Azərbaycan Ocaqları (BAO) sədrinin Türk dünyası ilə əlaqələr üzrə müavini, eyni zamanda, Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli Yenicag.az-a açıqlamasında deyib ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması indiki dövrdə çox aktual məsələlər sırasındadır:“Bu sahəyə xüsusi diqqət və qayğı göstərilməlidir. Çünki gənclərin elmə, mədəniyyətə təşviq edilmələri bilavasitə milli ideyaların təbliği ilə bağlıdır. Yəni yetişməkdə olan gənc nəsilə milli kimliyimiz, tariximiz, adət-ənənələrimiz, milli dəyərlərimizin hər biri düzgün formada aşılanmalıdır. Müstəqilliyimizin bərpasına qədər bu sahədə çox ciddi problemlər yaşamışıq. Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları keçmiş SSRİ-nin ideoloji maraqlarına uyğun formalaşdırılmışdı.

Hazırda isə güclü dövlətçiliyimizə, müstəqilliyimizə, indiki reallıqlara uyğun olaraq gəncləri düzgün yetişdirməliyik. Xarici və yad ünsürlərdən, müstəqilliyimizin bərpasına qədər olan dövr reallıqlarından tam şəkildə imtina etməliyik. Çünki o dövrlə indiki dövrün tələbləri tamamilə fərqlidir. Prezident İlham Əliyevin Qarabağ Universiteti ilə bağlı sərəncamı bu sahədə çox böyük inkişafa səbəb olacaq.

Həmçinin Qarabağ Universitetinin açılması Azərbaycanın milli maraqları, milli dəyərləri baxımından atılan ən uğurlu addımlardan biridir. Bu addımla nəinki regional, hətta qlobal səviyyədə Azərbaycanın elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları sahəsində yeni mərhələyə qədəm qoyacağıq”.

Bu aktual məsələ barəsində Yenicag.az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirib ki, hazırda ölkəmizdə elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması, həmin proqramların təbliği və təşviqi çox vacibdir:“Hər bir ölkənin inkişafında təhsil xüsusi əhəmiyyətə malikdir. Bu səbəbdən, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması mövzusu öz aktuallığını hər zaman qoruyub saxlamaqdadır. Vətəndaşların şəxsi inkişafında rol oynayan belə bir strateji sahə diqqətdən kənar qala bilməz. Dövlətimiz məhz bu amili nəzərə alaraq təhsil sahəsinin inkişafına xüsusi diqqət və qayğı göstərir.

İnternet resurlarının vətəndaşlara yaratdığı imkanlardan düzgün istifadə gənclərin təhsilə, şəxsi inkişafa təşviqində xüsusi rol oynayır. Çünki internet şəbəkəsi vasitəsilə böyük kütlələrə xitab etmək mümkündür. Həmçinin televiziyalar da gənclərin elmə və mədəniyyətə təşviq olunmalarında mühüm rol oynaya bilər.

Lakin bir çox televiziya və internet resursları təhsilimizin inkişafına dəstək olmaq əvəzinə, şou xarakterli layihələrə daha çox yer verirlər. Hazırda ölkəmizdə təhsilin inkişaf etdirilməsi üçün Azərbaycanda Təhsilin İnkişafına dair Strategiyanın tələblərindən irəli gələn müxtəlif layihələr həyata keçirilir. Xaricdə təhsil, kurikulum, təhsil sistemində aparılan islahatlar bunun bariz nümunələrindəndir.

Dövlətimizin təhsil sahəsində təcrübəsi böyükdür və mövcud ənənələr davam etdirilməlidir. Qazandığımız tarixi qələbənin hər bir səhifəsinin vərəqlənməsi üçün kütləvi tədbirlər keçirilməli, gənclər arasında milli dəyərlərimizi təbliğ etməliyik. Çünki “Yazılan tarix oxunulmasa, unudular”.

Qarabağ Universiteti ilə bağlı sərəncamın verilməsi bir daha təsdiq etdi ki, Azərbaycan dövləti bu məsələdə qətiyyət göstərərək qeyd olunan istiqamətdə əlindən gələni edir. Digər mühüm infrastrukturlarla yanaşı, yeni universitetin yaradılması barədə ayrıca Sərəncamın verilməsi təhsilin bütün hallarda və vəziyyətlərdə dövlətin prioritet sahəsi olduğunun təsdiqidir. Qarabağın əvvəlki kimi elm, mədəniyyət, incəsənət mərkəzi olaraq yenidən dirçəldilməsinə bu sərəncamın çox böyük təsiri olacaq”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanmışdır.

COP29